Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə toplantısına qatılıb
Almatıda oktyabrın 21-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib.
Xatırladaq ki, TDƏŞ 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan tərəfindən təsis edilib. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənədinə - 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi və 2010-cu il sentyabrın 16-da imzalanmış İstanbul Bəyannaməsinə əsasən TDƏŞ-in üzvü olan dövlətlər BMT Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə, o cümlədən beynəlxalq hüququn dünya birliyi tərəfindən qəbul olunmuş digər prinsiplərinə əməl edir. İnkişaf naminə əməkdaşlığın əsasında sülhün və təhlükəsizliyin qorunmasına, yaxşı qonşuluq münasibətlərinin saxlanmasına xidmət edən normalar durur. Türkdilli dövlətlər arasında münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə yardım etməklə, TDƏŞ Mərkəzi Asiyada və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün regional alət rolunu oynayır. Şuranın məqsədi türkdilli dövlətlər arasında mövcud olan əməkdaşlığı genişləndirmək və gələcəkdə inkişaf etdirmək üçün konkret addımlar atmaqdır. Bu gün türk dünyasının ölkələri iqtisadi qüdrətə söykənərək səmərəli qarşılıqlı fəaliyyətə hazırdırlar. TDƏŞ Çindən başlayaraq Aralıq dənizinədək olan bir ərazini əhatə edən makroregionda - türk dünyasında gedən siyasi proseslərin mühüm amilinə çevrilə bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev zirvə toplantısının keçirildiyi " İntercontinental-Almatı" mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Roza Otunbayevanı, Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağı və TDƏŞ-in baş katibi Xəlil Akıncını qarşılayıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarını və nümayəndə heyətlərini salamlayaraq 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb. Toplantıda beynəlxalq və regional xarakterli aktual məsələlərin müzakirə olunacağını deyən Qazaxıstan dövlətinin başçısı qeyd etdi ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən edib. Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Qazaxıstan Prezidenti dedi ki, türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının vacibliyinin qeyd edən Qazaxıstan dövlətinin başçısı bildirdi ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyildir. Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlığa da toxunan Nursultan Nazarbayev müxtəlif mədəni tədbirlərin, o cümlədən festivalların keçirilməsinin əhəmiyyətini vurğuladı. Mədəni əlaqələrin möhkəmləndirilməsində TÜRKSOY-un böyük rolundan danışan Qazaxıstan dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini dedi. Bildirildi ki, 2012-ci ildə Astana – türk dünyasının mədəni paytaxtı elan olunacaqdır. Zirvə Toplantısı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB