Dünya əfsanəsi Azərbaycanda!
Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Səməd Vurğun adına parkda ilk dəfə Azərbaycanda dünya əfsanəsi 4 qat Stunt Riding çempionu motosikletçi Kris Pfayfer öz məharətini göstərib. SİA-nın məlumatına görə, motoşouya çox sayda insan qatılıb. Hətta ətraf ərazilərdə yerləşən binaların dam hissəsindən də şou maraqla izlənib. 2 saat davam edən şouda eyni zamanda yerli motosikletçilər də öz məharətlərini nümayiş etdiriblər. Şouda Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər nümayəndələr iştirak edib. Raqif Abbasov müstəqilliyini qeyd edən Azərbaycan xalqını təbrik etməklə yanaşı, maraqlı motoşou ilə bağlı da öz fikirlərini bildirib: \"Bu gün Azərbaycan xalqı üçün çox önəmli bir gündür. Tarixə nəzər salsaq bu günün əhəmiyyətini dərk etmək o qədər də çətin deyil. Ona görə də ilk olaraq bütün Azərbaycan xalqını müstəqilliyimizin bərpa olunmasının 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Keçirilən şouya gəldikdə isə, gördüyünüz kimi gənclər və cəmiyyətin bütün təbəqələri tərəfindən maraqla qarşılanır. Bu cür şouların təşkil olunması Azərbaycan mədəniyyəti üçün də təqdirəlayiq hadisədir\".

Motoşou haqda düşüncələrini deyənlərdən biri də Nazirliyin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov oldu: \"Bugünki şou müstəqilliyimizin bərpa olunmasının 20 illiyinə həsr olunub. İlk olaraq şounun Azadlıq Meydanında keçirməyi planlaşdırsaq da orada aparılan təmir işlərinə görə burada keçirməyi qərara aldıq. Dünya şöhrətli xarici motosikletçi ilə yanaşı, şouda bir çox yerli motosikletçimiz də öz məharətlərini göstərəcəklər. Eyni zamanda qeyd edim ki, bayram münasibətilə təşkil olunan bu şou dünyanın bir çox idman kanallarında əsasən də Euronewsda nümayiş olunacaq. Bu kimi şoular Gürcüstan, Ərəbistan və digər xarici ölkələrdə də keçirilib. Əgər Azərbaycanda da maraq doğursa bundan sonra davamlı şəkildə bu layihəni davam etdirməyi düşünürük\".


Bütün diqqətləri öz üzərinə çəkən xarici motosikletçi Kris Pfayfer isə ölkəmizdə belə bir şouda iştirak etməkdən məmnunluğunu diqqətə çatdırıb: \"Mən dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycanda belə bir şouda iştirak etmək mənim üçün də xoş oldu. Eyni zamanda qeyd etməliyəm ki şoudan əvvəl Bakının bir çox görməli yerlərini gəzdim təəsüratlarım isə çox xoş oldu. Qız qalası, Bayraq meydanı xüsusilə marağımı cəlb etdi. Ümid edirəm ki, insanlar da mənim nümayiş edəcəyim şoudan məmnun qalarlar və bu kimi layihələri gerçəkləşdirmək məqsədilə tez-tez ölkənizə səfər edərəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə