Avstriyanın Federal Prezidenti və xanımı Heydər Əliyev Fondunda olublar
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və xanımı Margit Fişer oktyabrın 12-də Heydər Əliyev Fondunda olublar.
SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, Avstriyanın dövlət başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Avstriya Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Prezident Haynts Fişerə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Haynts Fişer Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Avstriya Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB