XİN rəsmisi: “Ermənistan daha çox hərbiləşir” - AÇIQLAMA

XİN rəsmisi: “Ermənistan daha çox hərbiləşir” - AÇIQLAMA

"Bu gün Ermənistan Silahlı Qüvvələrində 48 884, Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən, 70 min şəxsi heyət saxlayır", - bunu GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib. O bildirib ki, Azərbaycanın əldə etdiyi silah-sursat enerji infrastrukturunun mühafizəsinə yönəlib.

Ermənistanın əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırdığını vurğulayan XİN rəsmisi bildirib ki, Ermənistan daha çox hərbiləşir: "Ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd "Kalaşnikov" avtomatı alıb. Bu onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır".


Onun sözlərinə görə, Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək, onları bu məsələni araşdırmağı çağırıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara toxunan Hüseynli deyib ki, Ermənistan uzun illər ərzində əldə edilən razılaşmalardan geri çəkilib.


"Həmsədr dövlətlər isə beynəlxalq hüquq predmetlərinə göz yummalı oldular", - XİN rəsmisi bildirib və əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni hərəkətlər edir.


"Ermənistan tərəfindən Azərbaycan ərazilərində qondarma seçkilər, tədbirlər keçirilir. Azərbaycanın mədəniyyət abidələri dağıdılır. Hətta həmsədr ölkələrdən şirkətlər cəlb etməyə çalışırlar. Rəsmi Bakı buna heç zaman imkan verməyəcək", - o əlavə edib.


Hüseynli qeyd edib ki, Ermənistanın Rusiya ilə əlaqələri regionda qeyri-sabitliyə səbəb olur.

"Regionun ən kiçik dövləti olan Ermənistan bu gün Rusiya ilə mühüm hərbi siyasi sazişlərə malikdir. Regiondakı münaqişələr bölgənin inkişafına ciddi mane olur. Bu münaqişələr həll olunarsa, Cənubi Qafqaz iqtisadi baxımdan inkişaf etmiş bölgəyə çevrilər. Azərbaycanın mövqeyi bəllidir - regionda münaqişələr həll olunmayana qədər birgə layihələrdən söhbət gedə bilməz", - XİN rəsmisi deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə