Nobel mükafatı laureatına Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı, ABŞ Prezidenti Barak Obamanın məsləhətçisi, Birləşmiş Ştatların Yaxın və Orta Şərqdə Elm müşaviri, professor Əhməd Həsən Zevayl Bakı Dövlət Universitetində (BDU) olub.
SİA-nın verdiyi xəbərə görə, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin, ayrı-ayrı ölkələrin Bakıdakı diplomatik korpusunun nümayəndələrinin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Əhməd Həsən Zevaylın geniş elmi və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, professor Ə.H.Zevayl Misir əsilli Amerika kimyaçısıdır. O, 1946-cı il fevralın 26-da Misirdə, İsgəndəriyyə şəhərində doğulub. İsgəndəriyyə Universitetinin kimya üzrə bakalavr və magistr pilləsini bitirdikdən sonra təhsilini ABŞ-da davam etdirib. 1974-cü ildə Pensilvaniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. İki il Kaliforniya Universitetində (Berkli) çalışmışdır. 1976-cı ildən Kaliforniya Texnologiya İnstitutunda fəaliyyətini davam etdirir. 1982-ci ildən bu institutun professorudur. Eyni zamanda, Milli Elm Fondunun molekulyar fizika laboratoriyasının rəhbəridir.
Alim kimya və fizika sahəsində böyük elmi nailiyyətlər əldə edib, 1999-cu ildə "Femtosaniyələr texnikasından istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının tədbiqi"nə görə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülüb.
Sonra akademik A.Məhərrəmov müasir dünyada elmin, demokratiyanın inkişafına verdiyi töhfələrə və sülhməramlı fəaliyyətinə görə professor Əhməd Həsən Zevayla Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan edib.
Bakı Dövlət Universitetinin fəaliyyəti barədə məlumat verən akademik A.Məhərrəmov bu ali məktəbin çox şöhrətli məzunlarının, görkəmli alimlərinin, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırıb. O, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin fəxri doktorları olduqlarını xüsusi vurğulayıb.
Sonra professor Əhməd Həsən Zevayla BDU-nun fəxri doktoru diplomu, mantiya və hədiyyələr təqdim olunub.
Müasir dünyada elmin, təhsilin önəmli rolunu vurğulayan Ə.H.Zevayl bu sahələrin inkişafı, həmçinin demokratiya ilə bağlı fikirlərini bildirmiş, tələbə-gənclərə tövsiyələrini verib.
Qonaq BDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu diqqətə çatdırıb.
Sonra Ə.H.Zevayl sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB