Bakı Beynəlxalq Humanitar Forumu öz işini davam etdirir - FOTOSESSİYA (YENİLƏNİB)

Bakı Beynəlxalq Humanitar Forumu öz işini davam etdirir - FOTOSESSİYA (YENİLƏNİB)

Bu gün paytaxtda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, "Gülüstan" sarayında keçirilən beynəlxalq forum Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə təşkil olunub. Foruma Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin və dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi qatılıb.

Forumun açılışında prezident İlham Əliyev çıxış edib. Sonra isə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Rusiya prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrikini oxuyub.

Tədbirdə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, UNESCO baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklinsin və İSESCO-nun baş katibi Əl-Tüveycrinin çıxışları dinlənilib. Onlar çıxışları zamanı tədbirin əhəmiyyəti, dialoq platformasının vacibliyindən danışıblar.

Konfrans ikinci plenar iclasla öz işini davam etdirib. Burada Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi, Nobel mükafatı laureatları, Rumıniya, Estoniya, Bolqarıstan, Sloveniyanın keçmiş prezidentləri müxtəlif mövzularda məruzələrlkə çıxış ediblər. Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən Bakıya gələn ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri forumun son dərəcə maraqlı və məzmunlu olacağını söyləyiblər.

Qeyd edək ki, iki gün davam edəcək Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "Multikulturalizm: nailiyyətlər və problemlər", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Elmlərin konvergensiyası", "Biotexnologiyalar və etika problemləri", "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri" mövzularında diskussiyalar aparılacaq. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə