Asim Mollazadə: “Biz Ermənistanın sahibləri ilə danışmalıyıq” - MÖVQE
Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı keçirilib. SİA-nın DİP-dən aldığı məlumata görə, qurultayın gündəliyi təsdiq olunandan sonra partiya sədri Asim Mollazadə hesabat xarakterli çıxış edib.
Qurultayın Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf etdiyini deyən Asim Mollazadə bildirib ki, bu illər ərzində Azərbaycan ciddi təhlükələrə məruz qalıb: "Ancaq mən məsələyə bir az fərqli prizmadan yanaşılmasını istəyirəm. 20 faiz ərazisi işğal olunan Azərbaycan xalqı ərazisinin 80 faizini qorumağı, dövlətini inkişaf etdirməyini bacarıb. Bu bizim uğurumuzdur".
Azərbaycanın strateji inkişaf yolu ilə bağlı fikirlərini açıqlayan DİP sədri qeyd edib ki, Azərbaycan Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və orta Asiya ölkələri ilə münasibətləri yeni bir müstəvidə qurmalıdır.
"Məhz biz Avropa Birliyi kimi ittifaq yarada bilərik. Regionda münaqişələri ona görə yaradıblar ki, bu mümkün olmasın, bölgədə əlində "Kalaşnikov" olan ordu hökmranlıq etsin", - deyə A.Mollazadə bildirib.
DİP sədri Ermənistanın artıq tam müstəqil olmadığını da vurğulayıb. "Ermənistan əhalisi ötən 20 ildə 3,5 milyon nəfərdən 1,5 milyon nəfərə qədər azalıb, ölkənin əsas iqtisadi sahələri xarici dövlət tərəfindən özəlləşdirilib. Ona görə də biz Ermənistanın sahibləri ilə danışmalıyıq. Bu baxımdan son dövrlər Azərbaycan və Rusiya arasında müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına təbii yanaşılmalıdır".
Qurultay üzvləri Asim Mollazadəni yenidən partiya sədri seçiblər.
Daha sonra qurultayda cari məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB