“Müasir Azərbaycan: dövrün baxışı” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTOSESSIYA

“Müasir Azərbaycan: dövrün baxışı” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTOSESSIYA

Bu gün "Azərbaycan"qəzetinin redaksiyasında hazırlanmış "Müasir Azərbaycan: dövrün baxışı" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirə Prezident Administrasiyasının İcimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov, mədəniyyət və turuzim naziri Əbülfəz Qarayev, politoloqlardan Aydın Mirzəzadə, Rasim Musabəyov və müxtəlif media orqanlarının rəhbərləri qatılıb.

Tədbiri giriş sözü ilə açan "AzərTAc"-ın Baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib. Kitabın ön sözünün müəllifi də Ramiz Mehdiyevdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edir. Burada prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar öz əksini tapıb. Faktlar geniş və hərtərəfli təhlil olunub. Ə.Həsənov kitabı çox dəyərli bir mənbə, fundamental tarixi salnamə adlandırıb.

"Müasir Azərbaycan dövrün reallığının məhsuludur. Eyni zamanda ulu öndər Heydər Əliyevin titanik əməyinin nəticəsidir", - deyən YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, kitabda müxtəlif müəlliflərin yazıları toplanıb. Kitab 20 ildir müstəqil olan Azərbaycanın keçdiyi inkişaf yolunu və prioritetlərini göstərir. Nəşri yüksək qiymətləndirən YAP-ın icra katibi onun araşdırmaçılar üçün mühüm mənbə olduğunu deyib: "Bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək formasıdır. Eyni zamanda öz sərvətlərindən faydalanma formasıdır. Öz taleyini müəyyən etmək formasıdır. Azərbaycan müstəqil olduğu 20 ildə bütün bunların hamısını qazandı".

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə bildirib ki, kitab maraqlı, səlis və oxuculara yaxın dildə yazılıb. Kitab bugünkü Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir."Bu gün Azərbaycanın bütün mədəniyyət məkanları tamamilə yenidən qurulur, müasirləşir və yeni nəsilə xidmət etmək imkanlarına yiyələnir", - deyə nazir qeyd edib.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə qeyd edib ki, 20 il tarix üçün kiçik dövrdür: "Amma 20 ildə görülən işlərə nəzər salsaq, əsrlərə bərabər işlərin görüldüyünün şahidi olarıq. Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Özünün hərbi, siyasi, iqtisadi, ərzaq təhlükəsizliyini müstəqil təmin edir. Bu gün gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərini çatdırmalıyıq. Azərbaycan özünün müstəqilliyinin 30, 50, 100 illiyini qeyd edəcək. Amma biz o zaman da bu dövrə qayıdacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə