Fransa prezidentinin səfər proqramının detalları açıqlandı

Fransa prezidentinin səfər proqramının detalları açıqlandı

Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz bölgəsinə səfəri başlayıb. SİA-nın Fransa prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Nikola Sarkozi ilk olaraq Ermənistana səfər edib.


Fransa prezidentinin səfər proqramına Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginlə görüş, qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksi ziyarət daxildir. Sabah N. Sarkozinin Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək görüşü nəzərdə tutulur, daha sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. Fransa prezidenti həmçinin "Şarl Aznavur Evi"nin təntənəli açılış mərasimində iştirak edəcək və "de Frans" meydanında çıxış edəcək.


Ni. Sarkozi Ermənistandan sonra oktyabrın 7-də Azərbaycana gələcək. Onun Azərbaycandakı səfər proqramına Zağulbadakı iqamətgahda Azərbaycan prezidenti İlham Əliyevlə görüş və Bakıda fransız liseyinin təməlqoyma mərasimində iştirak etmək daxildir. Qeyd edək ki, Fransa prezidentinin səfər proqramında Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı müddəa göstərilməyib.


Azərbaycandan Gürcüstana gedəcək Fransa prezidentinin gürcü həmkarı Mixail Saakaşvili ilə görüşü və "Azadlıq" meydanında nitq söyləməsi nəzərdə tutulub.


Nikola Sarkozini Cənubi Qafqaz ölkələrinə səfərdə sənaye, energetika və rəqəmsal energetika naziri Erik Besson, əməkdaşlıq məsələləri üzrə nazir Anri de Rankur, nəqliyyat naziri Tyerri Mariani, xarici ticarət məsələləri üzrə dövlət katibi Pyer Lelüş müşayiət edəcək.



İlahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə