AŞPA-da Ermənistan ciddi tənqid olunub

AŞPA-da Ermənistan ciddi tənqid olunub

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda demokratik institutların vəziyyətini müzakirə edib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Böyük Britaniyalı parlamentar Con Preskot və almaniyalı Aksel Fişerin hazırladıqları hesabat dinlənilib və ətrafında müzakirələr aparılıb. Məruzəçilər Ermənistanda korrupsiyanın hələ də əsas problemlərdən biri olduğunu qeyd ediblər.


Ermənistan üzrə almaniyalı məruzəçi Aksel Fişer Dağlıq Qarabağ probleminin həlli onların mandatı olmadığı üçün hesabatda bu münaqişəyə az yer ayrıldığını və məruzəçilərin ölkədəki demokratik islahatlara dair müşahidələrini qeyd etdiklərini bildirib. Hesabat ətrafında müzakirələrdə erməni deputatlar, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.


Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın işğalçı siyasətini qeyd ediblər və bu ölkənin beynəlxalq qərar və qətnamələrə riayət etməməsini Assambleya iştirakçılarının diqqətinə çatdırıblar. Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov AŞ-nın üç əsas prinsipinin olduğunu xatırladaraq Ermənistanın bu prinsiplərə əməl etmədiyini vurğulayıb. Millət vəkili, bu ölkədəki məlum mart hadisələrindən danışaraq, ölkədə hələ də belə risklərin mövcud olduğunu və respublikada stabilliyin olmadığını bildirib. Bu ölkədə insan hüquqlarının pozulduğunu və iqtisadiyyatının acınacaqlı bir durumda olduğunu deyən azərbaycanlı millət vəkili, insanların Ermənistanı kütləvi şəkildə tərk etdiyini də bəyan edib. Azərbaycanlı millət vəkilləri Ermənistanda demokratiyanın bərpa olunmasının, onun sivil bir ölkəyə çevrilməsinin vacib olduğunu qeyd ediblər. Onlar Ermənistanın BMT və AŞPA kimi beynəlxalq qurumların çıxartdıqları qərar və qətnamələrə əməl etməməsini bir daha vurğulayıblar və AŞ-nın da bu məsələni həmişə diqqətdə saxlamağa çağırıblar. Sonda qətnamə bəzi əlavə və dəyişikliklərlə 40 səslə 3 qarşı qəbul olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə