Səməd Seyidov: “Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır” - MÖVQE

Səməd Seyidov: “Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır” - MÖVQE

Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır. SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 3-də qurumun payız sessiyasının ilk iş günündə Daimi Komitənin fəaliyyəti müzakirə olunarkən deyib.

"Burada fikirlər səslənir ki, Azərbaycan dövləti Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq etməkdən yayınır. Amma bu qətiyyən belə deyil. Azərbaycan heç bir qurumla əməkdaşlıq etməkdən yayınmır və hər bir dialoqa hazırdır. Lakin biz qərəzli yanaşmaların əleyhinəyik".

S.Seyidov bildirib ki, burada söhbət Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin məsələsi üzrə məruzəçinin təyin olunması və onunla əməkdaşlıqdan gedir. Lakin hamı unudur ki, Avropa Şurasının bir çox dövlətlərində bu cür məsələ vardır. Bununla belə, həmin dövlətlərə qarşı eyni mövzuda məruzəçi təyin olunmur. Heç kim özündə cəsarət tapıb belə bir məruzəçinin həmin ölkələrə qarşı təyin olunmasını təşviq etmir. Bəs nə üçün Azərbaycan ilə bağlı belə bir məruzəçi təyin olunur? Əgər biz Büronun məcburi qərarlarından danışırıqsa və qeyd edilirsə ki, Kristof Ştrasserin təyin olunması məcburi qərardır və Azərbaycan hökuməti buna əməl etməlidir, bəs Büronun digər qərarından niyə danışmırıq?

Azərbaycanlı deputat bu qərarın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin fəaliyyətinin bərpa olunması ilə bağlı olduğunu diqqətə çatdırıb. S.Seyidov bildirib ki, biz Komitənin fəaliyyətinin bərpa olunmasına yekdilliklə Büroda səs vermişik. Lakin nədənsə kimsə yekdilliklə verilən qərardan sonra fəaliyyəti bərpa olunan Komitənin fəaliyyətsizliyindən danışmır? Heç kim danışmır ki, Ermənistan tərəfi bu Komitənin işini boykot edib və faktiki olaraq Büronun qərarı əhəmiyyətsiz bir qərara çevrilib. Bundan danışmaq lazımdır. Biz ümumiyyətlə, Avropa Şurasında ikili standartlara qarşı çıxış edəcəyik.

Digər azərbaycanlı deputat Qənirə Paşayeva isə ötən sessiyadan keçən dövr ərzində baş vermiş bəzi məsələlərə toxunub. O bildirib ki, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə də vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki Avropa Şurası və BMT-nin qətnamələrini yerinə yetirmir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nda seçkilər keçirir.

Q.Paşayeva diqqətə çatdırıb ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında sentyabrın 18-də keçirdikləri bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, həmçinin BMT, ATƏT və Avropa Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə ziddir. Eyni zamanda, münaqişənin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Azərbaycanlı deputat Assambleyanın belə halları kəskin pisləməklə yanaşı Ermənistandan bu cür addımların dayandırılmasını ciddi şəkildə tələb etməli olduğunu bildirərək demişdir: "Mən Ermənistan ilə sərhəd bölgəsini təmsil edirəm. Bu ilin iyulunda 13 yaslı bir qız uşağı - Aygün Şahmalıyeva Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Assambleya uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünün ailəsi sizdən etiraz səsinizi ucaldacağınızı və bu hadisəni törədən cinayətkarların cəzasını alması istiqamətində səylərinizi artıracağınızı gözləyir".


Bütün xəbərlər Facebook səhifəmizdə