Bu gün prokurorluq işçilərinin peşə bayramıdır

Bu gün prokurorluq işçilərinin peşə bayramıdır

Bu gün 1 oktyabr-prokurorluq işçilərinin peşə bayramıdır. SİA-nın xəbərinə görə, 1 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb. 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XlV əsrin əvvəllərində Fransada kral IV Filipp tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi qanunla təsbit edilib. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilib. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edilib. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə həyata keçirilib. Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə