ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar. SİA-nın məlumatına görə, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, həmsədrlər Robert Bradtke (ABŞ) Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün növbəti addımları müzakirə etmək məqsədilə Varşavada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev, sonra isə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

Həmsədrlər prezidentlər Sarkozi, Obama və Medvedevin Dovil bəyannaməsində üzərinə götürdüyü və tərəflərə belə bir razılığın əldə olunmasında yardım etmək öhdəliyini bir daha təsdiq ediblər.

Həmsədrlər tərəflərə ATƏT-in Nazirlər Şurasının dekabrda Vilnüsdə keçiriləcək toplantısınadək yaxın aylar üçün nəzərdə tutulan fəaliyyət planını təqdim ediblər. Həmsədrlər hərtərəfli sülh razılaşmasının əsasını təşkil edən Əsas Prinsiplər ətrafında tərəflər arasında mövcud fikir ayrılığını aradan qaldırmaq işini davam etdirəcəklər. Vasitəçilər, həmçinin bütün tərəflərə atəşkəs rejiminin gücləndirilməsi, yerlərdə etimad mühitinin yaxşılaşdırılması və region xalqları arasında qarşılıqlı anlaşmaya töhfə vermək üçün əlavə tədbirlərə dair təkliflər verəcəklər.

Bəyanatın bildirilir ki, nəzərdə tutulan fəaliyyəti həyata keçirmək məqsədilə həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə