Böyük Britaniya Leyborist Partiyasının Liverpulda keçirilən konfransı çərçivəsində "Rusiya, Azərbaycan və Qərb: yeni böyük oyun Avropanın enerji təhlükəsizliyi üçün hansı mənanı daşıyır?" mövzusunda debat təşkil edilib. Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunmuş debatlarda Britaniya parlamentinin üzvü Ueyn Devid, Avropa Parlamentinin üzvü Riçard Hauitt, Avropa İslahatları Mərkəzinin direktoru Çarlz Qrant, Münaqişələr və Dövlət Quruculuğu ilə bağlı London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut iştirak ediblər.
SİA-nın "AzərTAc" agentliyinə istinadən verdiyi xəbərə görə, Britaniya parlamentinin üzvü Mayk Qeypsin sədrliyi ili aparılmış debatlarda U.Devid bildirib ki, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ildən etibarən BP şirkəti Azərbaycana 23 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. O qeyd edib ki, ölkə hökuməti dəfələrlə Azərbaycanın Britaniya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb. U.Devid Xəzərin karbohidrogen ehtiyatlarını Qərbi Avropa ölkələrinə daşıyan "Cənub" qaz dəhlizinin Britaniyada dəstək qazanacağına ümidvar olduğunu deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Britaniya parlamentinin üzvü məsələnin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini vurğulayıb.
M.Qeyps isə bildirib ki, 1994-cü ildən - ikinci neft bumundan sonra Bakı sürətli inkişaf edib. Azərbaycanın neft və qaz gəlirləri iqtisadi şaxələndirmə üçün sərmayə qoyuluşuna sərf edilir. Ölkə neft və qaz çıxarma sənayesindən gələn gəliri davamlı şəkildə investisiyaya çevirir.
R.Hauitt deyib ki, Ermənistanın enerji strukturunun 80 faizi Rusiyaya məxsus olduğu halda, Azərbaycan Avropa İttifaqı ilə güclü və sabit əlaqələr yaratmış ölkə imici qazanıb.
D.Sammut isə vurğulayıb ki, Azərbaycan Qərblə təbii ehtiyatların işlənməsi sahəsində əməkdaşlığa dair qərar qəbul edib. Azərbaycanın əldə etdiyi uğurlardan danışan D.Sammut xatırladıb ki, Avropa İttifaqı Transxəzər kəmərinin inşası ilə bağlı Azərbaycan və Türkmənistan ilə razılaşmanı ratifikasiya etməyi planlaşdırır.
Azərbaycan enerji sektorundan əldə edilən gəliri kifayət qədər şəffaf idarə edən ölkədir, - deyən LİNKS-in icraçı direktoru vurğulayıb ki, Aİ-nin Azərbaycan ilə əlaqələri növbəti mərhələyə qaldırmaq üçün nadir imkanı var. O, "Total" şirkətinin Xəzərdə böyük qaz ehtiyatları aşkar etdiyini xatırladaraq, bu amilin Aİ-nin Azərbaycan ilə gələcək əməkdaşlığını vacib etdiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Sammut vurğulayıb ki, məsələ beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Avropa İttifaqı isə Ermənistana qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq üçün təzyiqi artırmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB