Baş nazirin müavini: \"Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan üçün başlıca problemdir\"
Bu gün Nazirlər Kabinetində Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının (HFRƏŞ) 29-cu iclasının iştirakçıları ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdə Yaqub Eyyubov Azərbaycanın MDB dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışıb. Bildirib ki, HFRƏŞ-in Bakı iclası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə sürətli inkişaf yolu keçib.
Azərbaycan iqtisadiyyatının uğurlarını qeyd edən Y.Eyyubov dövlət başçısının Azərbaycanın dinamik inkişafı istiqamətində gördüyü işlərdən söhbət açıb, ölkədə tikinti-quruculuq işlərinin sürətlə getdiyini diqqətə çatdırıb, Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiq etdiyini söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ölkəmiz üçün başlıca problem olduğunu qeyd edən Baş nazirin birinci müavini deyib ki, respublikamızın müdafiə qabiliyyətinin artırılması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Feldyeger xidmətinin əhəmiyyətini vurğulayan Y.Eyyubov Azərbaycan rəhbərliyinin bu qurumun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB