Qalxın, məhkəmə gəlir!
Bu gün Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində CM-nın 233-cü maddəsi ilə olan cinayət işi üzrə iclas Səbail rayon məhkəməsinində tərəflərin çıxışı və prokuror Ceyhun Kazımovun replika hüququndan istifadə etməsi ilə davam etdirilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında T.Abbaslının müdafiəçisi Yavər Hüseyn çıxışında bu iş üzrə keçməyən şəxslərin dediklərinə istinad etmişdi.
Prokuror Ceyhun Kazımov replika hüququndan istifadə edərək bildirib ki, prosessual qanunun 340-cı maddəsinə əsasən tərəf çıxışında məhkəmədə tədqiq edilməmiş sübutlara istinad edə bilməz.
A.Hacılının vəkili O.Kazımov isə öz çıxışında işə aid olmayan hallara istinad etmiş, hətta prokurorun əvvəllərdə "Azadlıq" qəzetinin redaktorunun işinə də guya bu cür yanaşdığını bildirmişdi.
Dövlət ittihamçısı öz replika hüququnda qarşı tərəfə izah edib ki, prosessual qanunvericiliyə əsasən, çıxışlarda məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunmaq qanunsuzdur.
Daha sonra vəkil qanunda prokurorun cəza tələbi nəzərdə tutulmadığı halda ən yüksək həddə cəza istədiyinin söyləyib. Məlum olub ki, prosessual qanunun 38.2-ci maddəsinə əsasən dövlət ittihamçısı təqsirləndirilən şəxsə layiqli cəza tələb edə bilər.
Digər müdafiəçi N.Kərimli etdiyi çıxışında videogörüntülərdəki iki avtovusun hərəkət etdiyini, polis əməkdaşlarının ərizəsi olmadan ekspertizadan hospitalda keçirilib zərərçəkmiş kimi tanındıqlarını iddia edib.
Prokuror bu məsələyə də dolğun ifadələr və sübutlarla izah etdi ki, iki avtovusun hərəkət etməsi nəqliyyatın normal fəaliyyətinin pozulmaması demək deyil və törədilən əməl ictimai ittiham olduğundan ərizə əsasında deyil fakta görə prokuror tərəfindən başlanıb. Qanunda zərərçəkmiş şəxs kimi tanınmaq üçün ərizə tələb olunmur. Zərərçəkmiş şəxslər hospitalda ekspert müayinəsindən keçmiş və ekspertiza müvafiq qrum tərəfindən aparılıbdır.
Təqsirləndirilənlər replika hüququndan istifadə edərkən əsasən prokuror C.Kazımovun çıxışı ilə bağlı heç bir əks arqument irəli sürə bilməyiblər.
Nəticədə A.Hacılı sərbəst toplaşma azadlığı ilə bağlı xəbərdarlıq prosedurunun bir sıra Avropa ölkələrindən fərqli olaraq, daha demokratik olduğunu etiraf edib.
T.Abbaslı və M.Məcidli isə replika hüququndan sui-istifadə edib siyasi çıxış etmək istəsə də hakim tərəfindən çıxış dayandırılıb.
Təqsirləndirilənlər son sözə vaxt istədiyindən məhkəmə iclası 30.09.2011-ci il saat 10:30 təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə