Ramiz Mehdiyev: “Bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir”
"Ekstremizmin dağıdıcı nəticələri Azərbaycandan yan keçməyib. Məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilib". Bunu Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev bəyan edib. Onun sözlərinə görə, bu qədər genişmiqyaslı millətçi ekstremizm və separatizm nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. "İşğal edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qırılması faktları qeydə alınıb. Xocalıda heç bir təqsiri olmayan yüzlərlə qadın, uşaq, qoca öldürülüb. 2000-dən çox dinc vətəndaşın həyatı bahasına başa gəlmiş və qarşıdurma xəttindən neçə kilometr kənarda törədilmiş onlarca terror aktı konkret məqsədin reallaşdırılması - Azərbaycan ərazisinin bir hissəsinin onun əlindən alınması üçün həyata keçirilib. Bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir və bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir", - Ramiz Mehdiyeva deyib.
Prezidenti Administrasiyasının rəhbəri bildirib ki, Qafqaz regionunda digər ekstremist qüvvələr də millətçilik kartı ilə oynamağa çalışırlar. Ramiz Mehdiyevin sözlərinə görə, onlar müxtəlif kütləvi informasiya vasitələrinin və internetin köməyi ilə millətçi dözümsüzlük, milli azlıqlar arasında ekstremist və separatçı əhval-ruhiyyələrin qızışdırılmasına yönəlmiş təbliğat aparırlar. Bir sıra hallarda bu qüvvələrin fəaliyyəti transsərhəd xarakteri daşıyır.
"Qafqazda dini, daha dəqiq desək, dini-siyasi ekstremizm də getdikcə genişlənməyə başlayır". Bunu Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə. bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəlmiş fəaliyyəti həyata keçirməyə çalışırlar: "Onlar cəmiyyətdə sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə çalışırlar. Dini ekstremistlərin fəaliyyəti nəticəsində yaranan təhlükəni artıra biləcək bəzi risk amillərini qeyd etmək lazımdır".
Ramiz Mehdiyev bildirib ki, sovet dövründə dini təhsil sahəsində boşluq yaranıb, dini ənənələrin və baxışların nəsildən-nəslə keçməsində əlaqə kəsilib: "Bu, nəticə etibarilə əhali arasında dini savadsızlığın artmasına gətirib çıxarıb. Keçən əsrin 90-cı illərindən başlayaraq bu boşluq sürətlə dolmağa başlayıb. Ekstremist təmayüllü çoxsaylı dini qruplar və təşkilatlar da bundan istifadə etməyə çalışırlar. Onlar çox vaxt bu məsələdə marağı olan xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən maliyyələşdirilir. Bu qruplar öz tərəfdarları sırasına ənənəvi din haqqında ən adi təsəvvürü olmayan insanları cəlb edir, onları yabançı və məhdud dini mədəniyyət bazasında öyrədir və ölkədə vəziyyətin sabitliyini pozmağa göndərirlər. Çox vaxt bu adamları xaricdə öyrədir, bu halda müəyyən dini ideyaların zorla qəbul etdirilməsi ilə kifayətlənməyib, döyüş vərdişlərinin öyrədilməsi də nəzərdə tutulur".
"Dini ekstremistlər öz ideyalarını yaymaq və təsirini gücləndirmək üçün əhalinin müəyyən təbəqələrinin, xüsusən qaçqınların və məcburi köçkünlərin ağır sosial-iqtisadi vəziyyətindən də istifadə edir, müəyyən maddi nemətlər təklif olunması müqabilində tərəfdarlar cəlb edirlər. Dini ekstremist qruplar öz baxışlarını sadəcə yaymırlar, onlar terror aktlarından, təxribatlardan və digər zorakı hərəkətlərdən istifadə etməklə məqsədlərinə çatmağa çalışırlar. Ölkəmizdə hüquq mühafizə orqanları bu cür fəaliyyətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görürlər. Məsələn, son illərdə Pakistanda Şimali Vəziristan ərazisində "Əl-Qaidə" düşərgələrində hazırlıq keçmiş qanunsuz silahlı dəstənin üzvləri məhkum edilib, "Sumqayıt camaatı" terror qrupu zərərsizləşdirilib. Bundan əlavə, dini təmayüllü "Ceyşulla", "Hizbut-Təhrir", "Əl-Qaidə Qafqaz", "İmam Mehdinin şimal ordusu" və başqa terror təşkilatlarının özəkləri ləğv edilib, həmin təşkilatların 189 üzvü cinayət məsuliyyətinə cəlb olunub", - Prezident Administrasiyasının rəhbəri bildirib.
Ramiz Mehdiyev deyib ki, xüsusi xidmətlər tərəfindən ölkədə beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət göstərən yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin sübutları toplanıb. Nəticədə həmin təşkilatların dövlət qeydiyyatı ləğv edilib, onların fəaliyyəti qadağan olunub. O, Azərbaycan İslam Partiyası fəallarının həbsinə də toxunub: "Dini ekstremist fəaliyyətin qarşısının alınması ilə əlaqədar son hadisələr arasında rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının və bu partiya ilə əlaqədar şəriət qanunları ilə idarə olunan dövlət yaratmağa açıq çağırışlar edən dini icmaların üzvlərinin həbsini də qeyd etmək olar. Bu təşkilatın üzvləri həbs edilərkən onlardan silah və sursat götürülüb. Hazırda onların fəaliyyəti diqqətlə araşdırılır".
Azərbaycan rəsmisi Azərbacycandakı tolerantlıq barədə görüş iştirakçılarına məlumat verib: "Azərbaycan Respublikası həmişə müxtəlif millətlərə və dinlərə mənsub insanların dinc yanaşı yaşamaq nümunəsi olub. Biz milli və dini tolerantlığın qorunub saxlanmasını və möhkəmlənməsini müasir demokratik dünyəvi dövlət kimi inkişaf etməyin ən mühüm şərtlərindən biri hesab edirik. Bizim milli siyasət xəttimiz Konstitusiyanın başlıca prinsiplərindən birinə əsaslanır: Azərbaycan Respublikası ölkənin bütün vətəndaşlarının ümumi və bölünməz Vətənidir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan bu xəttə dönmədən əməl etmək üçün həm dövlət səviyyəsində, həm də beynəlxalq səviyyədə hər cür səy göstərməkdə davam edəcəkdir. Bu məqsədə nail olmağı isə biz, o cümlədən ekstremizmə qarşı mübarizədə marağı olan bütün tərəfdaşlarımızla birgə əməkdaşlığın genişləndirilməsində görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB