Prezident İlham Əliyev Xaçmazda yeni sosial obyektlərin açılışında iştirak edib - FOTOSESSİYA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub.
Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. SİA-nın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verib ki, xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər vardır. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib.
Qeyd olunub ki, xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıb. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaqdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır.
Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham ƏLİYEV xaçmazlıları salamlayaraq deyib:
- Xoş gördük. Sizi rayon xəstəxanasının yeni korpusunun əsaslı təmirdən sonra açılışı münasibətilə təbrik edirəm. İki il bundan əvvəl xəstəxananın digər korpusları təmir edilmişdir, şərait yaxşıdır. Bu korpus qalmışdı, indi bu da artıq həll olundu. Şərait yaxşıdır. Həkimlərin iş şəraiti yaxşıdır və burada xəstələrə də yaxşı xidmət göstərilməlidir.
Beləliklə, Xaçmaz Rayon Xəstəxanasının əsaslı şəkildə təmiri başa çatmışdır. Eyni zamanda, deyə bilərəm ki, bütün şimal zonasının səhiyyə problemləri öz həllini tapmaqdadır. Bakıdan Xaçmaza qədər bütün rayonlarda - Siyəzəndə, Şabranda səhiyyə ocaqları tikilmişdir. Bu yaxınlarda Xızıda gözəl Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir. Qubada da Müalicə-Diaqnostika Mərkəzi tikilib və rayon xəstəxanası təmir edilib. İndi Xaçmazın demək olar ki, səhiyyə ilə bağlı bütün əsas məsələləri öz həllini tapır. Qusarda böyük xəstəxana tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yəni, xəritəyə baxsaq görərik ki, Bakıdan ta sərhədə qədər bütün rayonlarda ya mərkəzi rayon xəstəxanaları əsaslı təmir edilmişdir, ya da ki, yeni diaqnostika mərkəzləri tikilmişdir. Bütün başqa bölgələrdə də buna oxşar işlər gedir. Bütün bölgələrdə səhiyyə ocaqları tikilir, xəstəxanalar təmir edilir, avadanlıq quraşdırılır. Bir sözlə, son illər ərzində Azərbaycanda səhiyyə ilə bağlı problemlər uğurla həllini tapır. Bunu həm Azərbaycan vətəndaşları görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər.
Bu yaxınlarda Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin konfransı keçirildi. Avropanı təmsil edən bütün ölkələrdən nümayəndələr gəlmişdilər. Konfransda Dünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən Azərbaycanda səhiyyənin vəziyyəti ilə bağlı çox müsbət rəylər səslənmişdir ki, Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf edir. Həqiqət ondan ibarətdir ki, son illərdə bu sahəyə qoyulan sərmayə bir neçə dəfə artmışdır. Dövlət büdcəmizdə səhiyyə məsələlərinə ayrılan xərclər bir neçə dəfə artmışdır. Bu vəsaitin hesabına bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir. Beləliklə, əminəm ki, biz yaxın iki il ərzində səhiyyə sisteminin maddi-texniki bazasının yenilənməsi ilə bağlı əsas məsələlərə nail olacağıq. Yəni, o məsələlər öz həllini tapacaqdır.
Qaldı ki, gərək bu mərkəzlərdə, xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin. Onun üçün həkimlərin həm peşəkarlığı yüksəlməlidir, həm də onlar öz biliklərini artırmalıdırlar. Eyni zamanda, beynəlxalq əlaqələr də genişlənməlidir. Bizim həkimlər xarici klinikalarda təcrübə toplamalıdırlar. Eyni zamanda, biz dünyanın aparıcı tibbi mərkəzlərindən Azərbaycana həkimlərin ezam edilməsi məsələləri ilə məşğuluq. Bir sözlə, Azərbaycanda insanların sağlamlığı üçün bütün lazımi məsələlər həll olunur.
Əlbəttə ki, tibbi xidmət məsələnin bir tərəfidir. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, insanın sağlamlığı üçün vacib olan digər amillər də var - ekologiya, içməli su, təmiz hava, idman. Bütün bu amillər də çox vacibdir. Biz elə etməliyik ki, Azərbaycanda bütün bu sahələr dünya standartları səviyyəsində olsun.
İndi həm Bakıda, həm bölgələrdə içməli su ilə bağlı layihələr həyata keçirilir. Veriləcək suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır. Azərbaycanda bütün işlər dünyanın ən gözəl təcrübəsinə uyğun olmalıdır. O cümlədən səhiyyə məsələləri ilə bağlı olan vəziyyət də bu istiqamətdə inkişaf etməlidir.
Mən çox şadam ki, həm bölgələrdə, həm Bakıda böyük, yeni, müasir səhiyyə ocaqları tikilir. Bu proses uğurla davam edir və davam edəcəkdir. Azərbaycanda səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıdır və qalxacaqdır. Bu günə qədər görülən işlər bunu deməyə əsas verir.
Eyni zamanda, bu gün Xaçmazda digər tədbirlər də vardır. Bu tədbirlərdə, açılışlarda iştirak edəcəyəm. Çox şadam ki, yenidən Xaçmazdayam. Xaçmaz rayonunda dəfələrlə olmuşam, vəziyyətlə tanışam. Bilirəm ki, burada son illər ərzində yaxşı işlər gedir, müsbət dəyişikliklər həyata keçirilir. Bu gün yenidənqurmadan sonra Heydər Əliyev Mərkəzi ilə tanış oldum. Xalça muzeyi tikilibdir, gedib baxacağam. Şahmat məktəbi, kitabxana, zavodlar fəaliyyətə başlayır. Müdafiə sənayesi zavodları tikilir. Əlbəttə ki, Xaçmazın böyük turizm potensialı var və bu potensialdan Azərbaycan vətəndaşları istifadə edirlər. Çox istərdim ki, burada fəaliyyət göstərən turizm obyektləri də dünya səviyyəsində olsun. Həm xidmət, həm də ki, orada yaradılan şərait baxımından.
Xaçmazda çox böyük abadlıq işləri aparılır. Siz xaçmazlılar bunu yaxşı görürsünüz və bütün bu işlərin iştirakçılarısınız. Bu, məni çox sevindirir. Yeni gözəl binalar tikilir, köhnə binalar təmir edilir. Mən görürəm ki, xaçmazlılar və yerli icra orqanları bu işlərə çox böyük məhəbbətlə, zövqlə yanaşırlar. Çox istəyirlər ki, Xaçmaz daha da gözəlləşsin. Ancaq onu da deyə bilərəm ki, bu gün Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Mən ölkəmizin bütün yerlərində olmuşam. Elə bir yer yoxdur ki, orada olmayım. Bəzi yerlərdə dəfələrlə olmuşam. Əlbəttə, deyə bilərəm ki, son illər ərzində Xaçmazda abadlıq işlərinə göstərilən diqqət öz nəticəsini verir. Siz xaçmazlılar haqlı olaraq fəxr edə bilərsiniz ki, şəhəriniz gözəlləşir, abadlaşır. Hazırda həm abadlıqla, həm infrastruktur layihələri ilə bağlı həyata keçirilən layihələr gələcəkdə daha da yaxşı vəziyyətə gətirib çıxaracaqdır.
Xaçmazda olimpiya kompleksi tikilir. Göstərişi mən vermişəm. Çünki Xaçmaz kimi böyük rayonda mütləq müasir olimpiya kompleksi olmalıdır. Qazlaşdırma gedir, kəndlərə qaz çəkilir. Qaz proqramını da biz 2013-cü ilə qədər həll etməliyik. Bütün kəndlərə qaz verilməlidir. Su layihəsi icra ediləcəkdir. O layihə də iki il ərzində, bəlkə ondan da tez öz həllini tapacaqdır. Yəni, bütün məsələlər - səhiyyə, təhsil, infrastruktur, qazlaşdırma, içməli su, yol çəkilişi. Bakı-Xaçmaz yolunun böyük hissəsi artıq istismara verilib, qalan hissə də tikiləcəkdir. Beləliklə, hökumətin üzərinə düşən bütün vəzifələr icra edilir. Mən çox şadam ki, xaçmazlılar da bütün bu işlərdə fəal iştirak edirlər. Xaçmaz rayonu da, şəhəri də gözəlləşir, abadlaşır. Bu xəstəxana da indi yaxşı səviyyədədir. Arzu edirəm ki, heç kim xəstələnməsin, hamı sağlam olsun. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
Azərbaycan Prezidenti Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulub. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub. Muzeydə olan beş fəvvarə yenidən qurulub, ərazidə bulaq kompleksi inşa edilib.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilmişdir. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunub. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilibki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənib. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılıb. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr var.
Bildirildi ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür.
Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında da iştirak edib. Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin "Heydər Əliyevin xalça portreti" əsəri xüsusi əhəmiyyət kəsb edir. Ekspozisiyadan aydın görünür ki, bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Xalqımızın tarixini və mədəniyyətini əks etdirən bu sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünyanı Azərbaycan xalçalarının sehrinə salır.
Sonra Prezident İlham Əliyev xalça muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər kitabxanasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, kitabxanada xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən fotolar sərgilənir. Bununla yanaşı, Prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu fotolar da kitabxanaya gələnlərə təqdim edilir. Bildirildi ki, 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq və gənclər üçün hər cür şərait yaradılmışdır. Burada toplanan müxtəlif mövzulara aid kitablar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açmışdır. Bundan əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur. Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılıb.
Prezident İlham Əliyev xalça muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirdi.
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılıb. Kompleks müasir qaydada işıqlandırılıb.
Qeyd olunub ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilib. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılıb. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənib. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınıb, 12 metr hündürlüyündə samovar kompleksi yaradılıb, burada fəvvarə quraşdırılıb. Bakı prospektində avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə xüsusi mozaika ilə işlənən 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilib. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir. Burada yaradılan şərait göstərir ki, paytaxtla yanaşı, bütün bölgələrimiz sürətlə inkişaf edir. Bölgələrlə paytaxt arasındakı inkişaf fərqi artıq aradan qaldırılıb. Bununla da bölgələrimizin siması dəyişmişdir. Azərbaycanın regionları indi daha müasir və cəzbedicidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin mühüm tərkib hissəsinə çevirib.
Seyrəngahla tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Bu gün Prezident Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verib ki, son illərdə Xaçmazda müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu sırada rayonda yenidən qurulan kondensator zavodu da mühüm əhəmiyyət kəsb edir. Xaçmaz kondensator zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olub. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərib, 1983-cü ildə burada zavod tikilib, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlayıb.
Bildirilib ki, vaxtilə Xaçmaz kondensator zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod "Elektrolit" İstehsalat Birliyinin tabeliyinə verilib. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilib. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.
Sonra dövlətimizin başçısı zavodun əvvəlki vəziyyətini əks etdirən filmə baxıb.
Prezident İlham Əliyev müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanış olub. Burada ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlətimizin başçısının bu siyasəti davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirilir.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məmulatın sərgisinə baxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB