Baş Prokurorluq məlumat yaydı

Son günlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın təzahürlərindən sayılan korrupsiyanın təhlükəli növlərindən olan rüşvət cinayətlərinin aşkar edilməsi və tutduqları vəzifədən qulluq mənafeyinə zidd istifadə edən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə bir sıra uğurlu əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Baş prokurorluğdan SİA-ya verilən məlumata görə, vətəndaş Asif Pirverdiyev və Fərhad Tağıyevin prokurorluğa müraciəti əsasında başlanılmış cinayət işi üzrə müəyyən edilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin Göranboy rayonu ərazisində yerləşən "Korçay" Dövlət Təbiət qoruğunun sabiq direktoru Emil Bağırov müavini Zamanpur Füzuli Nizami oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel - sentyabr aylarında qoruğa mühafizə yegeri vəzifəsinə işə götürmək müqabilində rayon sakinləri olan Asif Pirverdiyev, Fərhad Tağıyev, Sadiq Əliyev, Vasif Pirverdiyev, Zahir Namazovun hər birindən 1000 ABŞ dolları, Elşad Kazımovdan 1100 ABŞ dolları,Taleh Cəfərovdan 500 ABŞ dolları, Vüsal Alıyevdən isə 800 ABŞ dolları, ümumilikdə 8 nəfərdən 7400 ABŞ dolları məbləğində rüşvət tələb edib alıblar. Bundan başqa, sabiq direktor Emil Bağırov qoruğun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel ayından 2010-cu ilin dekabr ayınadək olan müddət ərzində öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə qoruq əməkdaşlarının adlarına olan əmək haqqı kartlarını ələ keçirib həmin kartlar vasitəsi ilə işçilərin küllü miqdarda - 14987.29 manat məbləğində əmək haqqı vəsaitlərini müxtəlif bankomatlardan çıxarıb mənimsəyiblər. Törətdiyi cinayət əməllərinə görə Emil Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan 309.2, 313, 179.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1, 311.3.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü, bundan başqa həmçinin o və Füzuli Zamanpur qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət almaya görə Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə