Milli Məclisin payız sessiyasında “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələri müzakirə olunacaq

Milli Məclisin payız sessiyasında “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələri müzakirə olunacaq

Azərbaycan Milli Məclisinin payız sessiyasında "Elm siyasəti haqqında" və "Ali təhsil haqqında" qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunu parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib.

İclasda ilk olaraq komitənin 2011-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərin hesabatı dinlənilib. Daha sonra komitənin 2011-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verilib.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. Bildirilib ki, 2011-ci il iyulun 8-də Bakıda imzalanmış bu Sazişdə hər iki ölkənin təhsil müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq verilən təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması nəzərdə tutulub.

İclasda çıxış edən deputatlar ötən sessiya ərzində komitənin işini qənaətbəxş qiymətləndirdilər. Millət vəkilləri cari ilin payız sessiyasının iş planını müsbət dəyərləndiriblər. Gündəliyə daxil edilmiş hər üç məsələ ətraflı müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə