Daha üç qəzetin adı «qara siyahı»ya salındı

Daha üç qəzetin adı «qara siyahı»ya salındı

Bu gün Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, Komissiya 6 nəşrlə bağlı məsələləri araşdırıb və müvafiq rəylər çıxarıb.

Məsələ ilə bağlı məlumat verən komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bunlardan ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyasından, dördü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub.

Müzakirələrdən sonra qərara alınıb ki, Şuranın Şikayətlər üzrə Komissiyasının "Qanun: izah və şərhlər" və "Xural" qəzetlərinin adlarının MŞ-nin "qara siyahı"sına salınması ilə bağlı təkliflərində buna əsas verən real faktların mövcudluğu nəzərə alınıb.


Əvvəllər Mətbuat Şurasının dəfələrlə xəbərdarlıq etdiyi "Azərbaycan gündəmi" qəzetinin baş redaktorunun həbs olunması onun qəzetinin "qara siyahı"ya salınmasına əsaslar verir. Çünki o məhz "jurnalist peşəsini" – reketçilik əməllərini davam etdirdiyi üçün şikayətlər əsasında həbs edilib.


Komissiya hər üç qəzetin adının MŞ-nin "qara siyahı"sına daxil edilməsi üçün Şuranın İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.


İclasda həmçinin MŞ-nin "qara siyahı"sında olan "Vətəndaş haqqı" qəzetinin bu siyahıdan çıxarılması ilə bağlı müraciətinə də baxıb və məqbul hesab edilməyib.


Eyni zamanda qərara gəlinib ki, "Yeni hakimiyyət" və "Müstəqil respublika" qəzetləri ilə bağlı araşdırmaların davam etdirilsin.


Bütün xəbərlər Facebook səhifəmizdə