Jurnalist Qadınlar Assosiasiyası Bakının işğaldan azad olmasının 93 illiyini qeyd edib

Jurnalist Qadınlar Assosiasiyası Bakının işğaldan azad olmasının 93 illiyini qeyd edib

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJKA) Beynəlxalq Mətbuat Mərkəzi ilə birlikdə Qafqaz İslam Ordusunu Bakını erməni işğalından azad etməsinin 93-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJKA) prezidenti Sevil Yusifova tarixə bir daha nəzər salaraq bildirib ki, 1918-ci ildə Azərbaycanda erməni daşnakları tərəfindən aparılmış kütləvi qırğınlara son qoymaq üçün Türkiyə Qafqaz İslam Korpusu Nuru Paşanın rəhbərliyi ilə köməyə gələrək Bakını azad edib: \"Bizim həmyaşıdlara nəsib olmayıb ki, məktəb illərində bu tarixi öyrənək. Ancaq bugünkü şagirdlərin şansı daha böyükdür. Onlar milli kimliklərini dərk etmək üçün düzgün tarixi öyrənə bilirlər\". Daha sonra millət vəkili Fazil Mustafa bu önəmli tarixi hadisədən- Qafqaz İslam Ordusunun göstərdiyi şücaətdən geniş söz açıb. Millət vəkili Azərbaycan xalqının erməni daşnakları və rus bolşevik qüvvələrinə qarşı apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlaliyyətinin qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolundan danışıb.

Qeyd edək ki, tədbirdə \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, \"Şərq\" qəzetinin redaktoru Akif Aşırlı, \"Xalq cəbhəsi\" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli iştirak ediblər.



Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə