Azərbaycanın ABŞ-dakı səfiri qondarma “DQR” ilə bağlı tədbirin keçirilməsinə etiraz edib
ABŞ Konqresindəki "Erməni məsələləri üzrə işçi qrup", Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının qondarma "DQR" ilə bağlı sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etiraz əlaməti olaraq, Azərbaycanın ABŞ-dakı səfiri Y.Əliyev sentyabrın 11-də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünə məktubla müraciət edib.
Bunu Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Nəsimi Ağayev SİA-nın sorğusuna cavabında bildirib.
O, qeyd edib ki, göndərilən məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları qeyd olunub, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin heç bir dövlət tərəfindən tanınmadığı nəzərə çatdırılıb. Həmçinin, sözügedən tədbirin təşkilatçılarının Konqres üzvlərinin və ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalından yayındırmaq, işğalın nəticələrini möhkəmləndirmək məqsədi güddükləri vurğulanıb.
Bunları nəzərə alaraq, səfir konqresmenləri ABŞ-ın strateji tərəfdarı olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu tədbirdə iştirak etməməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB