BMT Baş Məclisinin 66-cı sessiyasıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ müzakirə ediləcək
Bu gün Nyu-Yorkda BMT Baş Məclisinin 66-cı sessiyasının ilk iclası keçiriləcək. Sessiyaya qətərli diplomat Naser Abdel Əziz ən-Naser sədr seçilib. SİA-nın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yeni sessiya çərçivəsində sentyabrın 21-dən 27-dək ümumi siyasi diskussiyalar aparılacaq.
66-cı sessiyanın gündəliyinə 168 məsələ daxildir. Sessiyanın gündəminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ də daxil edilib. Bunlar "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələridir. Hər iki məsələnin sessiya çərçivəsində dekabrın 12-də müzakirəsi gözlənilir.
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" haqqında məsələ hələ 2004-cü ildə BMT Baş Məclisinin gündəliyinə daxil olunub. 2008-ci ildə BMT Baş Məclisi rəsmi Bakının təşəbbüsü ilə ilk dəfə qətnamə qəbul edərək erməni qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırıb.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dörd qətnamə qəbul etmişdir. Digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə bu məsələni müzakirə ediblər. Beynəlxalq birlik tərəfindən qəbul olunmuş bütün müvafiq qətnamələrdə Ermənistanın təcavüzkarlıq siyasəti birmənalı şəkildə pislənir, işğalçı qoşunların Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin Ermənistan hələ də dünya ictimaiyyətinin iradəsinə məhəl qoymur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB