“Abşeron” yatağı Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək - EKSPERTLƏR

“Abşeron” yatağı Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək - EKSPERTLƏR

\"Azərbaycanın siyasi, xüsusən də iqtisadi gündəmində diqqət mərkəzində olan əsas məsələ ölkədə yeni nəhəng qaz yatağının aşkar olunmasıdır. Belə ki, sözügedən məsələ əslində Azərbaycanın beynəlxalq sferada siyasi mövqelərinin güclənməsinə böyük təkan verəcək. Azərbaycan bundan sonra Avropa üçün enerji sferasında daha böyük əhəmiyyət daşıyan ölkəyə çevriləcək. Çünki ölkə Avropanın alternativ enerji təminatında xüsusi çəkisini durmadan artırır.

Qaz yatağındakı uğur Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirməklə əhəmiyyətini də artırdı. Avropanın enerji təhlükəsizliyi istiqamətində Rusiyadan enerji asılılığını azaltmaq istəyi, Qərbin baxışlarını Xəzər hövzəsinə istiqamətləndirib və məhz bu zəmində Avropanın Azərbaycanla bağlı gözləntiləri də çoxdur\".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, son illərdə kəşf olunmuş yataqlar Azərbaycanın böyük qaz potensialını təsdiqləyir. Onun sözlərinə görə aşkarlanan yeni qaz yataqları ölkə iqtisadiyyatı üçün müsbət amildir: "Ekspertin fikrincə yataqdan çıxarılan qazın müəyyən zamanda xarici bazarda satılması və oradan gələn gəlirin bölünməsi əsas məsələlərdəndir: "Ona görə də bu məsələlər tez həyata keçirilir ki, burada həm xarici şirkətlər, həm də Azərbaycan dövləti qazancını götürsün. Necə ki, bundan əvvəlki layihələrdə bu həyata keçirilib. Zənnimcə, bu, Azərbaycanın xarici şirkətlərlə imzaladığı müqavilə əsasında icra olunmalıdır. Bunu nəzərə almaq lazımdır ki, bu, hasilatın pay bölgüsü çərçivə sazişində baş tutursa, yəni xarici şirkətlər də bu layihələrdə varsa, bu müsbət haldır".

Ümumilikdə isə "Abşeron" yatağından ən yaxşı halda ildə 10 milyard kubmetr qaz ixrac ediləcək. Yataqdan qazın çıxarılması isə 2021-ci ilədək baş tutacaq. Ekspert hesab edir ki, burada müəyyən zaman çərçivəsində məsələlər həyata keçirilməlidir. "Nəzərə almaq lazımdır ki, pay bölgüsü məsələsi, yəni qoyulan vəsaitlərin geri qaytarılması əsas amildir".

\"Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların həlledici mərhələyə daxil olması və Azərbaycanın münaqişənin BMT səviyyəsində müzakirə olunması məsələnin yenidən müzakirəyə çıxarılması ərəfəsində yeni qaz yatağının aşkar olunması əlavə dividentlər gətirəcək. Çünki iqtisadi sahədə əldə etdiyimiz dividendlər çox böyük uğurla siyasi müstəviyə daşınır və xüsusən də Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda bu dividendlərdən mümkün qədər çox istifadə ediləcəyinə ümid verir\". Siyasi ekspert Cümşüd Nuriyevin fikrincə, müəyyən qüvvələr Azərbaycanın "Nabucco"da iştirakına maneə olurdular: "Artıq Azərbaycan bu layihənin həyata keçirilməsində söz sahibi olacaq. Bu kəmərin tranzit olaraq ərazisindən keçməsinə nail olacaq, Azərbaycanın qaz ehtiyatları kifayət qədər olduğuna görə, bunda Türkmənistan və Qazaxıstan da təbii ki, maraqlı olacaq, həm də öz qazını "Nabocco" ilə ixrac edəcək. Bu Azərbaycanın suverenliyini möhkəmləndirəcək. "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini Azərbaycanın dünya enerji bazarında yenidən kəşf olunması kimi qiymətləndirilə bilər".

C.Nuriyev bildirib ki, yatağın kəşf olunmasının vaxtında elanı da peşəkarlıqla bağlıdır: "Bu tarix heç də təsadüfi deyil. Yatağın kəşf olunması ilə bağlı elan sonradan da edilə bilərdi. Bu məsələ məhz dekabrın 12-də keçiriləcək BMT Baş Assambleyasının 66-cı sessiyasının proqram layihəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr"lə bağlı müzakirələr keçirilməsindən öncə elan edildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan digər bütün addımları atıb. Yatağın kəşf olunmasının indi elan olunması həm Avropa dövlətlərinə mesajdır, həm də ATƏT-in üzvlərinə. Bu eyni zamanda Rusiya üçün də mesajdır".

Bütün xəbərlər Facebook səhifəmizdə