Bu gün Tacikistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Zakir Vəzirov Tacikistanın 20 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, Tacikistanın müstəqillik dövrünün ən böyük nailiyyəti - sülh, sabitlik və milli birlikdir ki, bunlar ulu və qədim tacik xalqının iradəsi və Prezident Emoməli Rəhmonun yorulmaz fəaliyyəti sayəsində əldə edilib. Mən çox şadam ki, ölkələrimizin və xalqlarımızın talelərinə düşən bütün çətinliklərə baxmayaraq, Tacikistan və Azərbaycan əsrlər boyu davam edən qarşılıqlı səmimi hörmət və sevgi hissini qoruyub saxlamış, bunun daha da möhkəmlənməsi üçün səy göstərirlər.
Diplomat bildirib ki, Tacikistan ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və regionda sülhün, tərəqqinin bərqərar olması naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Tacikistan xalqına sülh və əmin–amanlıq arzulayıb.
Azərbaycan və Tacikistan əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayan nazir bildirib ki, xalqlarımız əsrlər boyu bu münasibətləri davam etdirərək islam mədəniyyətinə və bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Xalqlarımız arasında mövcud olan tarixi yaxınlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Qeyd olunub ki, prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun qarşılıqlı səfərləri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB