Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı “dəyirmi masa” keçirilib - TƏDBİR

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı “dəyirmi masa” keçirilib - TƏDBİR

Bu gün Mətbuat Şurasında 8 sentyabr- Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin rəhbəri Vüqar Səfərov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli və başqaları iştirak ediblər.

Toplantıda Azərbaycan jurnalistikasının hazırkı durumu, problemləri və perspektiv vəzifələri ətrafında fikir mübadiləsi aparılıb.

İlk olaraq çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Çıxışında ölkədə medianın durumuna toxunan "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, mətbuat azadlığı son illər "reket" qəzetlərin sayının artmasına, heç bir savadı, ali təhsili olmayan redaktorların yaranmasına gətirib çıxarıb.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, Azərbaycanda dövlət qeydiyyatından 4500 KİV keçsə də, hazırda 30-a yaxın gündəlik, 50-yə yaxın həftəlik qəzet olmaqla 300-ə yaxın KİV fəaliyyət göstərir.

BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli jurnalistləri tərəflərə, cəbhələrə bölünməməyə çağırıb.

"Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılması üçün şura adından hüquq-mühafizə orqanlarına təkrar müraciət olunmasını təklif edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Mətbuat Şurasının fəaliyyətini sərt tənqid edib: "Biz şuranın üzvü olsaq da, onun mexanizmlərindən istifadə edə bilmirik. Tədbirlərə bir qrup şəxs gedir, bizi isə ya arabir çıxışa, ya da seçkiyə çağırırlar. Şura "reket" jurnalistlərə qarşı mübarizə apardığı qədər tənqidi jurnalistikanı da müdafiə etməlidir. Dövlət başçısı fond vasitəsilə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə yardım ayırır, amma burada bizi kənarda qoyurlar. Mən Mətbuat Şurasının üzvü olsam da, 6-7 ildir efir yasağı ilə üzləşmişəm. Niyə şura bununla maraqlanmır? Mən kimliyinə fərq qoyulmadan bütün redaktorları burada görmək istəyirəm".

R.Arifoğlunun çıxışına yerdən V.Səfərli reaksiya verib. V.Səfərli Mətbuat Şurasının tədbirlərində "Yeni Müsavat" qəzetinin kommersiya direktorunun iştirak etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə