Millət vəkili: “Batumidə konfrans və dəyirmi masanın keçirilməsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə yaxından kömək edəcək” - MÖVQE

Millət vəkili: “Batumidə konfrans və dəyirmi masanın keçirilməsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə yaxından kömək edəcək” - MÖVQE

Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının XX ildönümünə həsr olunan tədbirlərin keçirilməsi bir sıra baxımdan əhəmiyyətlidir. Bu barədə SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı tədbirlərin nəticəsini şərh edərkən deyib. O bildirib ki, hər şeydən əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə konfrans keçirilib, məruzələr dinlənilib. Məruzələrdə həm tarix, həm də günümüzdəki məsələlər önə çəkildiyini deyən millət vəkili vurğulayıb ki, belə bir konfransda Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə nəzər yetirilməsi, indiki vəziyyətinin təhlil edilməsi həm Gürcüstandan, həm də Azərbaycandan olan iştirakçılar üçün əhəmiyyətli idi: "Konfransdan sonra Gürcüstan azərbaycanlıları ilə bağlı dəyirmi masanın keçirilməsi də böyük əhəmiyyət daşıyırdı. Həm konfransa, həm də dəyirmi masaya Gürcüstanın dövlət adamları təşrif buyurmuşdular. Bu, problemlərin bilinməsi və həlli baxıından əhəmiyyətli oldu. Konfransda iştirak edənlər mövcud problemləri açıq şəkildə söylədilər, həlli yolları barədə öz mülahizələrini bildirdilər. Azərbaycanlıları oradakı problemləri müxtəlifdir. Onlardan biri Azərbaycan məktəblərinin sayının getdikcə azalması, digəri torpaqların özəlləşdirilməsi və digər məsələlər ilə bağlıdır".

M.Qasımlı hesab edib ki, bu konfransın və dəyirmi masanın keçirilməsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə yaxından kömək edəcək: "Hər şeydən əvvəl Gürcüstan və Azərbaycan tərəfi Gürcüstan azərbaycanlılarının mövcud vəziyyətini bildilər, Gürcüstanda yaşayan azərbaycanlılarının dilindən eşitdilər, Gürcüstanda bu məsələlərlə məşğul olan məsul şəxslər problemlərin həllinə dair öz mülahizələrini bildirdilər. Ona görə də hesab edirəm ki, həm konfrans, həm də dəyirmi masa əhəmiyyətli oldu. Bu eyni zamanda, Azərbaycan-Gürscüstan dostluğu yolunda növbəti bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə