Türkiyə ilə İsrail arasında münasibətlər pik həddə çatdı

Türkiyə ilə İsrail arasında münasibətlər pik həddə çatdı

Türkiyə ilə İsrail arasında münasibətlər pik həddə çatdı. SİA-nın Türiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə ilə İsrail arasında hərbi sahədəki bütün razılaşmanın icrasının təxirə salındığını və İsraillə diplomatik əlaqələrin səviyyəsini 2-ci dərəcəyə endirdiklərini bildirib.

Nazir İsrailin "Mavi Mərmərə" gəmisinə beynəlxalq sularda hücum etdiyini, bu hücum nəticəsində Qəzzadakı məsum insanlara yardım aparan mülki şəxslərin qətlə yetirildiyini söyləyib: "İsrail müharibə dövründə deyil, sülh dövründə mülki şəxsləri öldürüb və cəzasını almalıdır. Türkiyə bu cinayətin cəzasız qalmamasını tələb etmişdi. Biz İsraillə 4 dəfə danışıqlar apardıq, amma təəssüf ki, onlar öz aralarında razılığa gələ bilmədilər. Dünən mətbuata sızdırılan BMT sənədlərində İsrail əsgərlərinin və digər səlahiyyətli şəxslərin törətdiyi cinayət əks olunub. İsrailin bunun cəzasını çəkməsinin vaxtı çatıb. Bu cəza da İsrailin Türkiyənin dostluğundan məhrum edilməsidir".

Ə.Davudoğlu İsraillə münasibətlərə dair 4 qərarın qəbul etdiklərini açıqlayıb: "Bunlardan birincisi Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılıb.

Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq. Sonda Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə