Azərbaycan Xarici İşlər Nazirliyi Nalbandyanın fikirlərinə cavab verdi
Erməni tərəfi uzun müddətdir yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunmuş yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul edib. Həmin prinsiplər hamıya məlumdur. Ermənistan isə, ilk növbədə, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır ki, vətəndaşlarımız öz doğma evlərinə qayıtsınlar.
SİA-nın xəbərinə görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın tələbələrə görüşdə söylədiyi fikirlərə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin I katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, rəsmi Bakı münaqişənin nizamlanması istiqamətində danışıqların konstruktiv aparılmasında maraqlıdır və daim öz mövqeyində bunu göstərib.
"Ermənistan status-kvonu qorumaq üçün əlindən gələni etməsinə baxmayaraq, bu Azərbaycan və dünya birliyi üçün qəbuledilməzdir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həlli üçün Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır".
E. Abdullayev həmçinin bildirib ki, status-kvonun qənaətbəxş olmadığını ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Fransa, ABŞ və Rusiya) prezidentləri də öz bəyanatlarında bildiriblər: "Bu da beynəlxalq birliyin mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü bir daha göstərir"-deyə, o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB