Elmar Məmmədyarov: “Vasitəçilərin prezidentlərin görüşünün keçirilməsi təklifini irəli sürməsi barədə məndə məlumat yoxdur” - MÜNASİBƏT

Elmar Məmmədyarov: “Vasitəçilərin prezidentlərin görüşünün keçirilməsi təklifini irəli sürməsi barədə məndə məlumat yoxdur” - MÜNASİBƏT

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrın 13-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşması və belə bir təklif irəli sürməsi barədə məndə məlumat yoxdur". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan mətbuatında həmsədrlərin BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə hazırlaşması barədə yayılan məlumatı şərh edərkən deyib.

E.Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində rəsmi Bakının mövqeyini yenidən xatırladıb: "Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz qalır və Bakı danışıqları davam etdirməyə hazırdır. Biz problemin Madrid prinsipləri əsasında mərhələli həllinə dair mövqeyimizi dəfələrlə ictimaiyyətə və həmsədrlərə elan etmişik. İlkin olarq Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Çünki bu, Qafqazda sülhün əldə olunması və Azərbaycanla Ermənistan arasında müxtəlif sülh layihələrinin həyata keçirilməsinə imkan yaradacaq. Geostrateji baxımdan bu, bütün bölgədə sülhün bərqərar olması üçün böyük imkanlar açacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə