Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 18 il ötür. SİA-nın məlumatına görə, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal edilib.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
Ermənilər 5 mindən cox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Həmcinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonunun işğalının 18-ci ildönümü ilə bağlı açıqlama yayıb. Acıqlamada deyilir ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
"Rayon ərazisində muxtəlif nov ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi", - açıqlamada bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Xatırladaq ki, sahəsi 80250 hektar olan rayon 31 avqust 1993-cü il tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB