Nazim İbrahimov: “Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən cəhət tək iqtisadi maraqlar deyil, eyni zamanda milli maraqlardır\" - MÖVQE

Nazim İbrahimov: “Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən cəhət tək iqtisadi maraqlar deyil, eyni zamanda milli maraqlardır\" - MÖVQE

Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dərin tarixi köklərə əsaslanır. Bunu Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən \"Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində\" adlı konfransda giriş nitqində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

SİA-nın aldığı məlumata görə, N.İbrahimov qeyd edib ki, belə bir tədbirin məhz Gürcüstanda keçirilməsi təsadüfi deyil. O, Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu da deyib: \"Müstəqillik əldə edildikdən sonra üzləşdiyi çətinliklərə baxmayaraq hər iki ölkə dünya ictimaiyyətinə uğurla inteqrasiya edir. İki ölkə uğurlu transmilli layihələr həyata keçirir. Lakin bizim xalqları birləşdirən cəhət tək iqtisadi maraqlar deyil, eyni zamanda milli maraqlardır\".

Tədbir \"Müstəqilliyimiz əbədidir\" adlı filmin nümayişi ilə davam etdirilib.


\"Yanvarın 20-də Bakıda, Aprelin 9-da Tiflisdə sovet qoşunlarının törətdiyi qırğınları xalqlarımız heç vaxt unutmayacaq. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra etnik separatizm problemləri ilə qarşılaşıb. Bu etnik münaqişələr nəticəsində minlərlə vətəndaşımız həlak olub. Bütün bu çətinliklərə baxmayaraq, ölkələrimiz bu gün inkişaf yoluna qədəm qoyub və uğurla inkişaf edir\", - İbrahimov əlavə edib.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyri-hökumət təşkilatlarına və mətbuata cənubi azərbaycanlıların problemlərinə diqqət yetirməyi tövsiyə edib.


Komitə sədri Nazim İbrahimov jurnalistlərin sualına cavab olaraq bildirib ki, Azərbaycan dövləti İranın daxili işlərinə qarışa bilməz: \"İran bizə dost və qardaş ölkədir. Amma QHT-lər söylədikləri fikirlərdə və atdıqları addımlarda sərbəstdirlər. Düşünürəm ki, QHT-lər və mətbuat cənubi azərbaycanlıların problemlərinə diqqət yetirməlidir\".


O, Komitənin dünyanın müxtəlif ölkələrində yaşayan Cənubi Azərbaycandan olan soydaşlarımızla işlədiyini və onların fəaliyyətlərini yaxından izlədiyini qeyd edib.

Daha sonra İbrahimov tədbir iştirakçılarını təqdim və konfransı açıq elan edib. Sonra tədbir iştirakçıları Azərbaycanın 20 illik müstəqillik dövrü ərzində keçdiyi inkişaf yolundan bəhs edən \"Müstəqilliyimiz əbədidir\" adlı sənədli filmə baxıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə