Gəncədə qışa hazırlğın vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

Gəncədə qışa hazırlğın vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində qışa hazırlığın vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

SİA xəbər verir ki, müşavirəni Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq bu sahədə görülmüş işləri təhlil edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Şəhərin təhsil və səhiyyə idarələrinin rəhbərləri, Gəncədə yerləşən ali məktəblərin rektorları başçılıq etdikləri sahələrdə qışa hazırlığın vəziyyəti ilə bağlı hesabat veriblər.

Müşavirədə qeyd edilib ki, yeni dərs ili ərəfəsində Gəncədə 49 ümumtəhsil məktəbindən 45-də əsaslı təmir işləri aparılıb, onlardan 31-i istilik sistemi ilə təmin edilib. Şagirdlərin dərsliklərlə pulsuz təminatı sahəsində də vəziyyət qənaətbəxşdir. Artıq şəhərə 47 min yeni çap olunmuş dərslik gətirilmişdir. Hazırda dərsliklər məktəblərə paylanılır.

Şəhər səhiyyə idarəsinin tibb ocaqlarında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərə nəzər salınarkən qeyd edilib ki, son bir neçə ildə 36 səhiyyə ocağından 8-də istilik sistemi yaradılıb. Hazırda bu proses uğurla davam etdirilir. Bundan əlavə, 21 tibb müəssisəsində əsaslı və cari təmir işləri aparılıb. Xəstəxanaların maddi-texniki bazası möhkəmləndirilib. Tibb müəssisələrinin dərman preparatları və digər ehtiyac duyulan materiallarla təminatı sahəsində də vəziyyət yaxşıdır.

Tədbirdə uşaq, körpələr və ahıllar evlərinin vəziyyəti təhlil edilərkən qeyd edilib ki, kadr dəyişikliyindən sonra uşaq evində müsbət ab-hava yaranıb. Hazırda uşaq evi üçün əlavə korpus tikilir. Bu, yaranmış sıxlığın aradan qaldırılmasında müsbət rol oynayacaqdır. İnventarlar tamamilə müasirləşdirilib, sanitar-gigiyena qaydalarının tələblərə cavab verməsi üçün bütün qovşaqlar normal vəziyyətə gətirilib.

Müşavirədə işdə yol verilmiş nöqsanlardan, həlli vacib məsələlərdən də ətraflı söhbət gedib. Qeyd edilib ki, hələ də bəzi məktəb direktorları tutduqları vəzifənin məsuliyyətini dərk etmirlər. Bəzi təhsil müəssisələrində yeni dərs ilinə hazırlığın vəziyyəti aşağı səviyyədədir.

Uşaq bağçalarının vəziyyəti təhlil edilərkən bildirilib ki, bu sahədə demək olar heç bir ürəkaçan hal müşahidə olunmur. Son 20 ildə uşaq bağçalarının heş biri əsaslı təmir edilməmişdir. İnventarlar köhnədir. Uşaqların təlim-tərbiyəsi istiqamətində aparılan işlər müasir tələblərə cavab vermir.

Sonda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mövcud nöqsanların qısa vaxtda aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib, görüləcək işlərin yoxlanılaraq yenidən müzakirə ediləcəyini idarə və müəssisə rəhbərlərinin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə