Elxan Poluxov mətbuat işçiləri ilə vidalaşıb

Elxan Poluxov mətbuat işçiləri ilə vidalaşıb

Cənubi Afrika Respublikasına (CAR) səfir təyin edilən Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Elxan Poluxov mətbuat işçiləri ilə vidalaşıb. SİA xəbər verir ki, E.Poluxov mətbuata göndərdiyi vida məktubunda mətbuat xidməti vəzifəsini icra edən Elman Abdullayevlə jurnalistlərin əməkdaşlığının uğurlu, qarşılıqlı və faydalı olacağına inandığını bildirib: Elxan Poluxov deyib ki, həyatının, son 10 ili mətbuat və media işçiləri ilə bağlı olub: "Jurnalistləri həmişə həmkar hesab etmişəm və bununla fərəhlənirəm. Cənab prezidentin etimad göstərib səfir təyin etməsi mənim üçün çox şərəflidir və ümid edirəm ki, bu etimadı doğrulda biləcəm. Bu məsələdə yenə də jurnalistlərin köməyinə ümid edirəm".

E.Poluxov XİN-in mətbuat katibi vəzifəsinin müvəqqəti icraçısı Elman Abdullayevi peşəkar, gənc, sözün yaxşı mənasında iddialı diplomat, həmçinin yüksək insani keyfiyyətlərə malik insan adlandırıb.

E.Poluxov sentyabr-oktyabr aylarında texniki məsələləri həll etmək üçün Bakıda olacağını, sonra CAR-a yollanacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə