Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü yad edilib

Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü yad edilib

Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri yerli hakimiyyət orqanlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birgə Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü yad etmək üçün Bakı, Sumqayıt, Masallı, İmişli, Şəmkir və Bərdə şəhərlərində toplaşıblar. BQXK-dən SİA-ya verilən xəbərə görə, Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar BQXK beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin və onların ailələrinin çəkdikləri əzaba son qoyulması ilə bağlı öz öhdəliklərinə əməl etməyə çağırır.

\"Bütün dünyada, ailələr, qardaş və bacılar, həyat yoldaşları və övladlar öz itkin düşmüş qohumlarının başına nə gəldiyini öyrənməyə çalışırlar\", – BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Şerin Pollini belə deyir. \"Öz üzvlərinin həyatda olub-olmadığını bilməyən ailələr və bütöv icmalar önların həyatlarını alt-üst etmiş zorakı hadisələri unuda bilmirlər. Onları inandıra biləcək və ağrılarını yüngülləşdirəcək bir söz yoxdur\", - deyə Pollini bildirir.

Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4500-dən çox itkin düşmüş şəxs vardır. Azərbaycanda 3500-dən çox itkin düşmüş ailəsi yaşayır. İtkin düşmüş şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün ailələrdən həmin şəxslər haqqında ante-mortem məlumatların toplanılması prosesi demək olar ki, başa çatıb. Hazırda, toplanmış məlumatlar məlumat bazasına daxil edilmək üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil verilir.

Ailələrin öz problemlərinə üstün gəlməsi və onların spesifik ehtiyaclarına cavab verilməsini təmin etmək üçün BQXK psixososial dəstək proqramı təşəbbüsü irəli sürüb. Bu proqram çərçivəsində itkin düşmüş şəxslərin ailələrinin psixoloji və social problemləri psixoloqlar və sosial işçilər (BQXK tərəfindən təlim keçirilmiş) tərəfindən həll olunur. Onlar bu ailələrin qrup halında toplaşaraq öz dərdlərini bölüşməsinə kömək etməklə və daha kövrək/özünə qapanmış ailələrə evlərində baş çəkməklə yardım göstərirlər.

BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə yardım üçün müvafiq mexanizmin işlənib hazırlanmasında Azərbaycan hakimiyyət orqanları ilə birgə əməkdaşlıq edir. Cenevrə Konvensiyaları və onlara Əlavə Protokollarla üzərinə qoyulmuş mandata əsasən BQXK-nın ailələrə öz itkin düşmüş əzizlərinin talelərinə aydınlıq gətirmək üçün etdiyi yardım sırf humanitar xarakter daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə