Bayıl yamacında baş verən sürüşmə prosesi dayanıb

Bayıl yamacında baş verən sürüşmə prosesi dayanıb

Bayıl yamacında baş verən sürüşmə prosesi dayanıb. SİA-nın xəbərinə görə, bunu Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov deyib. Onun sözlərinə görə, artıq sürüşmə baş verən ərazinin bir neçə hissəsində mayak yerləşdirilib və ölçü işləri aparılır: "Hazırda ölçmə nəticəsində sürüşmə halı nəzərə alınmayıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən sürüşmə zonasında bərkitmə işləri aparılır, sürüşmə nəticəsində yaranmış çatlar gil torpaqla doldurulur. Bundan əlavə həmçinin əraziyə su axıdılmasına da nəzarət edilir".

Bayıl yamacındakı sürüşmə zonasında yaşayan əhalinin köçürülməsinə gəlincə şöbə müdiri qeyd edib ki, bununla bağlı hələlik hər hansı bir qərar verilməyib: "2000-ci ildə həmin ərazidə baş verən sürüşmədən sonra təxminən 144 evin sakini kompensasiya müqabilində başqa ərazilərə köçürüldü. Lakin sonradan evlərin qiyməti qalxdığından bəzi sakinlər kompensasiyadan imtina etdi və bu səbəbdən də köçürülmə dayandırıldı. Hazırda həmin ərazidə 150-yə yaxın ev var. Həmin evlərin köçürülməsi isə hələlik gündəmdə deyil. Bu, yalnız Nazirlər Kabinetinin müvafiq qərarından sonra mümkün ola bilər".

Avtomobillərin hərəkətinə gəlincə, İ.Kərimovun sözlərinə görə, ərazidəki yolda ağır tonnajlı yük maşınlarının hərəkəti tam məhdudlaşdırılıb, minik avtomobillərinin hərəkətinə isə məhdudiyyət qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə