İordaniyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

İordaniyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı krallıq parlamentinin deputatlar palatasının sədri Feysəl Faizlə görüşüb. Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın inkişaf mexanizmləri, parlament sədrlərinin, o cümlədən parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyəti barədə iordaniyalı spikerə məlumat verilib. Azərbaycanın son illər ərzində bütün sahələrdə qazandığı nailiyyətləri, xüsusilə də ölkəmizin iqtisadi inkişaf tempini maraqla izlədiyini və bunu yüksək qiymətləndirdiyini söyləyən İordaniya parlamentinin Deputatlar palatasının sədri F. Faiz Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini birmənalı olaraq vurğulayıb.

Deputatlar palatasının sədri F. Faiz hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası dostluq qruplarının yaradılmasını təqdirəlayiq hal kimi qeyd edərək, parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulayıb. Görüşdə hazırda İordaniyada aparılan siyasi islahatlar çərçivəsində İordaniya konstitusiyasına edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb.

İlkin NƏCƏFOV

Bütün xəbərlər Facebook səhifəmizdə