İran din pərdəsi altında siyasi məshəkələr qurur – SORĞU

İran din pərdəsi altında siyasi məshəkələr qurur – SORĞU

Azərbaycan dövlətinin dünya xəritəsində yeri və rolu möhkəmləndikcə, gücləndikcə bu uğurları qəbul etmək istəməyən, daha doğrusu, qısqanclıqla yanaşan bəzi dövlətlər narahatlıq hissi keçirirlər. Özəlliklə də Azərbaycanla qonşu olan dövlətlərin bu məsələdə çox ciddi təşviş keçirmələri təəccüb doğurur. Ən azı, ona görə ki, bu dövlətlər Azərbaycanla hər zaman rəsmi görüşlərdə ölkəmizin uğurlu nailiyyətlər əldə etməsini alqışladıqlarını söyləyiblər. Lakin əməli fəaliyyətlərində hər zaman qeyri-etik, səviyyəsiz ifadələr səsləndirib gizli formada anti-təbliğat aparıblar. İran İslam Respublikasının bu məsələdə Azərbaycana qarşı qərəzli, kinli mövqe tutması isə, təəccüb doğurmaqla yanaşı, başa düşülən hal kimi də qiymətləndirilir. Çünki bu dövlət tarixən Azərbaycanın uğurlarına, nailiyyətlərinə qısqanclıqla yanaşıb.

SİA-nın əməkdaşının söhbət etdiyi millət vəkilləri də bu məsələdə rəsmi Tehranın təcavüzkar ölkə Ermənistanla mövqelərinin üst-üstə düşməsində Azərbaycanın regionda artan nüfuzuna, hörmət və uğurlarına qısqanclıqla yanaşmaları ilə əlaqələndirirlər.


Məlahət İbrahimqızı, millət vəkili:


- İran İslam Respublikasının baş qərargah rəisinin Azərbaycan dövləti barədə dediyi bütün böhtan və şər ifadələrinə görə ölkəmizdən üzr istəməlidir. İran Azərbaycanın uğurları, nailiyyətləri ilə qətiyyən barışa bilmir. İranın Azərbaycana qarşı bu cür riyakar mövqe sərgiləməsi bilavastə, xəyanətkarlıqdır. İran dövləti bütün dövrlərdə din pərdəsi altında özünün maraqlarını başqa dövlətlərə yeritməyə çalışıb. Bu zaman İranın prinsiplərində haqq, ədalət reallıqdan çıxış etmək arxa planda olub. Misal kimi, Fələstində müsəlmanların ciddi problemlərlə üzləşdiyini, böyük pafosla və yüksək tonla hay-küy şəklində bəyan etdiyi halda, Dağlıq Qarabağla bağlı təəccüb və maraq doğuran mövqe sərgiləyib. O mənada ki, yaxın qonşu dövlət olan İran İslam Respublikası bu günə qədər işğalçını adı ilə çağırmayıb. Bu barədə iradlar bildirib suallar verdikdə isə, İran dövlət rəsmiləri müxtəlif şoular yaradıb, məshəkələr qurmaqla suallardan yayınmağa çalışıblar. Bu da başa düşüləndir. Çünki erməni təəssübkeşlyi və Azərbaycana qarşı olan qısqanc münasibət İran dövlət rəsmilərini ədalətli mövqe sərgiləməkdən çəkindirir. Nəzərə almaq lazımdır ki, İran prezidenti Əhməd Nejat rəsmi Yerevana səfəri zamanı İran-Erməni millətlərinin tarixi köklərə malik eyni millətlər olduğunu bəyan etmişdi. Bəli, eyni millətlərdən olan fars-erməni birliyi bu gün dünyada birmənalı şəkildə, haqq işi, ədalətli mövqeyi Azərbaycana münasibətdə qısqancılıq yolu tutmağa vadar edir. Amma tarixin bütün dönəmlərində baş verən proseslərə istinadən demək olar ki, bu dəfə də fars və erməni rejimləri Azərbaycanın gücü və böyüklüyü qarşısında diz çökəcəklər.


Aydın Mirzəzadə, millət vəkili:


- İran dövləti torpaqlarımızın 20%-ni işğal edən, bir milyondan artıq insanlarını yurd-yuvalarından didərgin salan vəhşi ermənilərlə iqtisadi-siyasi əlaqələr qurmaqdan belə çəkinməyiblər. İran İslam Respublikasının bəzi özəl şirkətləri işğal olunan Dağlıq Qarabağda iş aparır, oranın dağınıq halda olan iqtisadiyyatına investisiya qoymağa çalışırlar. İran İslam Respublikası o dövlətlərdəndir ki, bu günə qədər Ermənistanı işğalçı dövlət kimi tanımayıb. İran dövləti xaos və anarxiya girdabında dağılsa da, insan hüquq və azadlıqlarının müdafiəsi hər saat, hər an tapdalansa da, demokratiyadan söhbət getmədiyi fakt olsa da, bəzən daxili işlərə qarışacaq iddialı, sərsəm bəyanatlarla çıxış edir.

Millət vəkili vurğuladı ki, bu günlərdə İran dövlətinin Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar səsləndirməsi çox təəccüb həm də maraq doğuran nüanslardan hesab olunur. Çünki bu dövlətlərin üzdəniraq hərbçiləri bəzən isə, drijor çubuğunun işarəsinə bənd olan ziyalıları Azərbaycanla bağlı tənqidi, iradlı fikirlər səsləndirirlər.

Millət vəkili onu da vurğuladı ki, bütün bunların hamısı Azərbaycan xalqını heç də narahat etmir. Çünki İran İslam Respublikası ilə təcavüzkar ölkə Azərbaycanın bölgədə güclənməsindən, iqtisadi yüksəlişindən qıcıqlandığını, bəzən isə, təşviş hissi keçirdiyini başa düşürlər.


Fazil Mustafa, millət vəkili:


- İran İslam Respublikası Azərbaycanın müstəqilliyini qəbul edə bilmir. Və yaxud da hansısa formada Azərbaycanı İranın təsiri altında saxlamağa çalışmaq istəyir. Həmçinin Azərbaycan Respublikasının 1993-cü ildən bəri əldə etdiyi böyük nailiyyətləri, uğurları, inkişafı görmək istəmirlər. Bu dəqiqə İran İslam Respublikasının çözə bilmədiyi çox ciddi problemləri var. Bu ölkədə iqtisadi inkişaf çox aşağıdır, təbii neft-qaz ehtiyatlarından səmərəli istifadə edilmir. İran pozulmuş insan hüquqlarına, ağır, böhranlı gününə ağlasa daha yaxşıdır. Problemləri hicab örtmək adı altında həll etmək olmaz. Azərbaycan dövləti bütün dinlərə hörmət edir və hörmət hissi ilə də yanaşır. Dövlətimizin adını din pərdəsi altında ləkələmək insanlığa ən azından yaraşmaz. İran İslam Respublikasının baş qərargah rəisi iki ölkəni müqayisə etsin, daha sonra hansısa formada öz fikrini bildirsin. Əslində, müqayisə edə də bilməz. Bu gün bütün ictimaiyyətə hər iki dövləti taleyi məlumdur. Nəinki regionda, nəinki MDB-də, bütün dünyada uğurlara, nailiyyətlərə imza atmış qüdrətli Azərbaycan dövləti hər zaman dünyada öz müasir baxışları ilə seçilib. Azərbaycan Respublikası İran kimi dağılmış, iqtisadiyyatı param-parça olmuş bir ölkə ilə heç zaman müqayisəyə gəlməz.


AYLANA RZAYEVA


Bütün xəbərlər Facebook səhifəmizdə