Roland Kobia: “Ərəb baharı” sübut etdi ki, insan hüquqları ən yüksək ali dəyərlərdən biridir”
Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə Tvinniq layihəsi çərçivəsində yekun konfrans keçirilir.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova rəhbərlik etdiyi qurumun fəaliyyəti və funksiyaları, fəaliyyət dövründə qəbul olunan beynəlxalq qanunlar barədə tədbir iştirakçılarına geniş məlumat verib. Azərbaycan qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına toxunan Ombudsman Azərbaycanın insan hüquqlarının qorunması istiqamətində gördüyü işlər, atdığı addımlar haqqında məlumat verib.
Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ölkəsinin insan hüquqları sahəsində gördüyü işlərlə bağlı danışıb. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi uğurlara toxunan səfir ölkəmizin insan hüquqlarına verdiyi önəmdən bəhs edib. O, qeyd edib ki, insan hüquqlarının mexanizmlərinin inkişafı daimi aparılmalıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia çıxışında bildirib ki, insan hüquqlarının qorunması Avropa dövlətlərini daxili və xarici siyasətində mühüm yer tutur. O, qeyd edib ki, bu zəmində Azərbaycan Avropa Şurasının üzvüdür və bu üzvlüklə öz üzərinə müəyyən öhdəliklər götürüb. Onun sözlərinə görə, insan hüquqları sahəsində görülməli olan işlər də bu öhdəliklərin bir qismini təşkil edir: "İnsan hüquqlarına Avropa dəyərləri kimi baxılmamalıdır. Bu, insana doğuşdan verilmiş hüquqdur. "Ərəb baharı" da bunu sübut elədi ki, insan hüquqları ən yüksək ali dəyərlərdən biridir".
Yüksək səviyyəli görüşlərdə də Azərbaycanın İnsan Hüquqları sahəsindəki öhdəliklərini bir daha xatırlatdığını bəyan edən R. Kobia bütün bu prinsiplərin Azərbaycan qanunvericiliyində də öz yerini tapdığını bildirib: "Azərbaycan fiziki mənada gözəlləşməsinin fonunda sosial sahədə də gözəlləşməlidir. Avropa İttifaqı Azərbaycanda bəzi məsələlərlə bağlı narahatdır. İstəyirik ki, Ombudsman Aparatı bu sahədə bir sıra işlər görsün".
R. Kobia həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir və bu qurum bütün portnyorlarına dəyər verir.
Tvinniq layihəsinin Almaniya üzrə rəhbəri Frauke Seidensticker bildirib ki, Almaniya və Azərbaycanın insan hüquqları təsisatları nümayəndələri yaxından əməkdaşlıq edir və bir-biri ilə sıx əlaqə saxlayır. O, Tvinniq layihəsindəki portnyorları barədə məlumat verərək bu layihənin əhatə etdiyi məsələləri sadalayıb.
Konfrans davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB