Prezident İlham Əliyev Şabranda bir sıra obyektlərin açılışında iştirak edib - - FOTOSESSİYA

Prezident İlham Əliyev Şabranda bir sıra obyektlərin açılışında iştirak edib - - FOTOSESSİYA

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılıb. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilib.

Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə də yaradılıb. Bu fotolardan aydın görünür ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə daim böyük diqqət və qayğı ilə yanaşıb, onların yaradıcı imkanlarının daha da artırılması üçün mühüm işlər görüb. Bu siyasəti Prezident İlham Əliyev də layiqincə davam etdirir. Bu gün mədəniyyət xadimləri ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunublar.

Dövlətimizin başçısı əvvəlcə Mədəniyyət Sarayının zalı ilə tanış olub. Burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılıb, rejissor pultu quraşdırılıb. Yenidən qurulan Şabran Mədəniyyət Sarayı mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir.

Bildirilib ki, 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir akustika sistemi quraşdırılıb.

Prezident İlham Əliyev Şabranın "Xınayaxdı" folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa edib.

Səhnədə xalqımızın qədim adət-ənənələrini əks etdirən nümunələr maraqla qarşılanıb. Bu, xalqımızın kökümüzə və ənənələrimizə olan bağlılığını göstərir, həmçinin, bu amilləri gələcək nəsillərə ötürmək baxımından da böyük rol oynayır. Şabran Mədəniyyət Sarayının nəzdində "Xınayaxdı" folklor kollektivi ilə yanaşı, "Çıraqqala" zurnaçılar kollektivi və "Şabran" teatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil etməyə çalışırlar. Sarayda yaradılan şərait bundan sonra həmin kollektivlərə daha yaxşı işləmək, yaradıcılıq imkanlarını genişləndirmək imkanı verəcəkdir.

Mədəniyyət Sarayı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

Prezident İlham Əliyev həmin gün Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında olub.

Bildirilib ki, Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəman Vətən övladlarından biridir. Böyük Vətən müharibəsində faşistlərə qarşı rəşadətlə döyüşən igid partizan Məmmədağa Nəzirovun xatirəsi bu gün də şabranlılar tərəfindən ehtiramla anılır.

Qeyd olunub ki, parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 0,7 hektara yaxın olan istirahət guşəsində yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb.

Sonra dövlətimizin başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxıb. Bildirilib ki, müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Bu bulağın inşası həm də şəhər sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımlardan biridir.

Prezident İlham Əliyev "Şabran ilkin orta əsrlərdə" adlı fotostendlə də tanış olub. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Rayon ərazisində ilkin orta əsrlərə aid çox sayda tarixi abidələr qorunub saxlanılır. Bölgənin bu cür abidələrlə zəngin olması bu gün müasir səviyyədə inkişaf edən Şabranın qədim tarixindən xəbər verir. Heç şübhəsiz ki, bu fakt həm də rayona əlavə turist axınının artmasına səbəb olan başlıca meyarlardan biri kimi səciyyələndirilir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında da iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, bu gün Şabran rayonunda təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Yüksək səviyyədə aparılan inşaat işləri bu il avqustun əvvəlində başa çatdırılıb.

Bildirilib ki, ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqlar üçün "Nağıl otağı" yaradılıb.

Mərkəzin kitab fondu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanıb. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılıb. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaq. Vurğulanıb ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilib.

Dövlətimizin başçısına bildirilib ki, ikinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilib. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.

Qeyd olunub ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilib. Dövri mətbuatın elektron kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir. Bildirildi ki, sistem vasitəsilə dövlətimizin başçısının imzaladığı Sərəncam, Fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılıb.

Mərkəzin ətrafındakı parklar yenidən qurulmuş, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılıb.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verib ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, xəstəxana üçün yeni binanın tikilməsi dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha nümayiş etdirir. Üçmərtəbəli xəstəxananın tikintisinə 2008-ci ilin oktyabrında başlanılıb. Burada tikintinin ümumi sahəsi 5 min 117 kvadratmetrdir. Xəstəxananın inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib.

Dövlətimizin başçısına məlumat verilib ki, 80 çarpayılıq xəstəxananın birinci mərtəbəsində doğum şöbəsi və poliklinika fəaliyyət göstərir. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otolorinqoloq, terapevt kabinetləri vardır. Bütün kabinetlər ən müasir avadanlıqla təchiz edilib. Xəstəxanada terapiya və uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də vardır. Bu şöbələrdə də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıq quraşdırılıb. Xəstəxananın müasir avadanlıqla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan yaradır.

Qeyd olunub ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında 60-dək həkim və 140-dək orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanacaqdır. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurlarından biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb.

Şabran Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri və tibb işçiləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirildi.


Bütün xəbərlər Facebook səhifəmizdə