İslam Partiyası üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SİA-nın məlumatına görə, keçirilən prosesdə təqsirləndirilən Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti başa çatdığı üçün onun həbsdə saxlanılması qeyri-qanuni hesab olunmalıdır. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə Hacı Mövsüm Səmədov ifadə verib. Dövlət ittihamçısının suallarını cavablandıran zaman M. Səmədovun vəziyyəti pisləşib. Hakim yaranan vəziyyətlə bağlı prosesi dayandırıb. O, qeyd edib ki, proses Səmədovun vəziyyəti yaxşılaşandan sonra davam etdiriləcək.
Eyni zamanda isə Azərbaycan İslam Partiyası (AİP) partiya lideri Mövsüm Səmədova və digər 6 fəala qarşı təqiblərə son qoyulmasını tələb edən bəyanat yayıblar.
Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB