Mübariz Qurbanlı: “Cənubi Qafqazın ümumi iqtisadi potensialının 75 faizi Azərbaycanın ərazisində cəmləşib”-MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının "SəsTV"yə müsahibəsi:
- Mübariz müəllim, Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən ikitərəfli görüşün nəticələrini necə qiymətləndirirsiniz?
- Ümumilikdə, Soçi görüşünün nəticələri müsbətdir. Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olması çox təqdirəlayiq haldır. Mövcud münaqişə illərlə davam edir. Dağlıq Qarabağ münaqişəsinin davam etməsi bütövlükdə Cənubi Qafqazda sabitlik və sülh üçün böyük təhlükə yaradır. Eyni zamanda, regionda və regiondan kənarda olan əraziləri əhatə edə biləcək səviyyədə təhlükə mənbəyidir. Həmçinin münaqişənin davam etməsi Cənubi Qafqazda bir sıra qlobal layihələrin də həyata keçirilməsinə əngəl yaradır. Rusiya bugünki dünyamızın böyük dövləti kimi Cənubi Qafqazla sıx bağlıdır. Təbii ki, belə münaqişələr Qafqazda hətta iqtisadi inkişafa da əngəl törədir. Doğrudur, Azərbaycan münaqişənin davam etməsini nəzərə alaraq, bütün istiqamətlərdə öz layihələrini həyata keçirir və keçirməkdədir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın xarici konsepsiyasını müəyyənləşdirərkən balans siyasətini irəli sürüb. Həmin balans siyasəti bu gün bəhrəsini verir. Ölkə Prezident İlham Əliyev də uğurlu, proqmatik siyasət aparır və bunun da sayəsində Azərbaycan regionun ən qüdrətli dövlətidir. Cənubi Qafqazın ümumi iqtisadi potensialının 75 faizi Azərbaycanın ərazisində cəmləşib. Ermənistan və Gürcüstanın iqtisadi potensialı Cənubi Qafqazda 25 faiz təşkil edir. Bu gün Azərbaycan dövləti Cənubi Qafqazın lider dövlətidir. Və Azərbaycanın iştirakı, razılığı olmadan bu bölgədə hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Rusiyanın isə, xarici siyasətində keyfiyyətcə yeni dəyişiklik görməkdəyik. Çünki Rusiyanın xarici siyasətində yaxın qonşularla əməkdaşlıq xətti üstünlük təşkil edir. Əvvələr rəsmi Moskvanın xarici siyasətində təzyiq metodları üstünlük təşkil edirdisə, indi əməkdaşlıq metodları özünü aydın şəkildə büruzə verir. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə bumeranq sindromu var. Bu və ya digər dövlətin başqa bir ölkəyə təzyiqi bumeranq effekti verir. Azərbaycana Dağlıq Qarabağ münaqişəsi vasitəsilə təsir göstərməyə müəyyən cəhdlər olub. Amma dövlətimiz müstəqil siyasət yürüdüb və hal-hazırda da bunu yürütməkdədir. Bu gün rəsmi Moskva bir vasitəçi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş və hərtərəfli diqqət yetirir. Bu çox əlverişli və təqdirəlayiq hadisədir. Çünki mövcud münaqişənin həllinin əsas fiqurlarından biri də Rusiyanın olması hamıya bəllidir. İndiki şəraitdə Soçi görüşü əslində, Kazanda keçirilmiş görüşün davamıdır. Kazan görüşü ərəfəsi Azərbaycan diplomatiyası növbəti dəfə Ermənistan diplomatiyasından üstünlüyünü nümayiş etdirdi. Həmin görüşdə ermənilər psixoloji baxımdan məğlub vəziyyətdə görüşü tərk etdi. Çünki Kazan görüşü zamanı dövlətimizin irəli sürdüyü real təkliflər hansısa dəlil və sübutlarla qəti şəkildə inkar edilə bilmədi. Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində həmin görüşdə nəticə əldə edilmədi. Amma hiss olunur ki, Rusiya və digər ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri münaqişənin həll edilməsi üçün səylərini artırmaqdadır. Kazanda irəli sürülən təkliflər Ermənistan və Azərbaycanın qeydləri ilə geri qaytarıldı. Burada Azərbaycan hansısa məqamlarla razılaşmadı və buna görə də, Kazan görüşü nəticəsiz qaldı. Bütün hallarda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər tam ədalətlidir. Kazan görüşündə irəli sürülən təkliflərlə əlaqədar Azərbaycanın mövqeyini ifadə edən məktub cənab Prezidentimizin imzası ilə Rusiya tərəfinə göndərilib. Və Rusiya analitiklərinin də etiraf etdiyi kimi, Azərbaycan tərəfinin ortaya qoyduğu qeydlər həddindən artıq inandırıcı və beynəlxalq hüququn norma və prinsiplərinə istinad edən təkliflərdir. Ermənistan bu gün Azərbaycanın yarı faiz torpaqlarını zəbt edib. Azərbaycanın bütün hallarda öz torpaqlarını işğaldan azad etmək hüququ var. Əgər bu gün dünya beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirmək istəyirsə, o zaman Azərbaycanın dediyi şərtlərlə razılaşmalıdır. Əgər beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq onun üzərindən keçirlərsə, o zaman beynəlxalq münasibətlər sistemində ədaləti gözləmək mümkün olmayacaq. Ona görə də Soçi uğurlu görüşdür. Prezidentlərin növbəti görüşü gözlənilir. Həmin görüşdə də məlum məsələnin incəlikləri bir daha geniş formada müzakirə ediləcək. Ölkə rəhbəri cənab İlham Əliyev Soçi görüşündə Azərbaycan tərəfinin haqlı mövqeyini KİV- lərə bir daha açıqladı və bildirdi ki, Azərbaycan münaqişənin həllində ən maraqlı tərəflərdən biridir.
- "Moskovski Novosti" qəzetinin Rusiya hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə D.Medvedev Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir. Bunu Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi məktubda da təsdiq edib. Bu məlumatlar nə dərəcədə realdır?
- Rusiya Azərbaycanın mövqeyinin ədalətli olduğunu ifadə edir və Azərbaycan tərəfinin Kazan görüşü zamanı irəli sürdüyü məsələləri diqqətlə nəzərdən keçirir. Həmin məsələdə Azərbaycanın irəli sürdüyü prinsiplərin tam hüquqa uyğun olduğu etraf edilir. Bu onu göstərir ki, Rusiya tərəfi Ermənistanın ərköyün hərəkələrinə son qoymaq istəyir. Bu gün erməni iqtisadiyyatı və erməni psixologiyası çox bərbad vəziyyətdədir. Erməni tərəfi çox aydın şəkildə başa düşür ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədikcə sülhə nail olmaq mümkün olmayacaq. Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qaytarılması aksiomadır. Erməni mətbuatında bununla bağlı diskussiya açıldıqda işğal etdikləri torpaqları qaytamaq istəmirlər, əgər istəmirsinizsə, onda danışıqlar masasında nəyi çözmək niyyətindədirlər. Bu səbəbdən də erməni tərəfinin səs-küyü heç bir gücə əsaslanmır. Erməni mətbuatında belə bir çağrışılar da eşidilməkdədir ki, rəsmi Kremlin irəli sürdüyü varianta işğalçı ölkə etiraz etməlidir. Azərbaycanın nə qədər güclü olduğunu artıq ermənilər dərk ediblər.
- Sizcə, Ermənistan vassal bir ölkə olaraq Rusiyanın irəli sürdüyü şərtləri etiraz etmək cəsarətindədirmi?
- Yox, etiraz edə də bilməz. Əgər danışıqlar masasında olan şərhlər Azərbaycanı qane edərsə, və lazımı səviyyədə Ermənistana təzyiq göstərilsə, işğalçı dövlətin sonu çatacaq. Onsuz da Ermənistan əhalisi ağır iqtisadi-sosial böhrandan əziyyət çəkir. Xaos və anarxiya ölkəni dağılmağa məhkum edir. Orduda kütləvi fərarilik, milli ruhun aşağı olması və digər neqativ hallar Ermənistanı bir dövlət olaraq çökdürüb. Bu baxımdan Rusiya və digər dövlətlərdən iqtisadi-siyasi cəhətdən asılı olan Ermənistan istənilən təzyiqlə işğal altında olan Azərbaycan torpaqlarını boşaldar.
- Cənab Prezidentin "üçtərəfli görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllini daha da yaxınlaşdırır" bəyanatı Dağlıq Qarabağ probleminin artı çözülmək üzrə olduğunu deməyə əsas verirmi?
- Bu münaqişənin həlli bu bölgədə maraqları olan dövlətlərin təcavüzkara təzyiqindən asılıdır. Maraqlı tərəflər ortaq məxrəcə gəlsələr, münaqişə çox az zaman içərisində həll olunar. Münaqişəni həll etmək yolları var. Bundan biri də danışıqlar yoludur. Danışıqlarda isə vasitəçi və tərəflər iştirak edir. Ona görə də, "üçtərəfli görüş münaqişənin həllini daha da yaxınlaşdırır" tezisi bu fikrə əsaslanır ki, danışıqlar məsələnin həlli üçün ortada olan maneələri aradan qaldırmaqda həlledici rol oynayır və bunu da davam etdirmək lazımdır.
- Serj Sarkisyanın Azərbaycan və Türkiyə ərazilərinə iddia ilə çıxış etməsi bu ölkə rəhbərinin hələ də işğalçılıq və şovinizm təfəkküründən qurtulmadığının göstəricisi sayıla bilərmi?
-
Ümumiyyətlə, cəfəng fikirlərə bəzən heç də diqqət yetirmək lazım deyil.
Sarkisyanın erməni gəncləri qarşısındakı çıxışı "Dağlıq Qarabağı biz aldıq,
Ağrı dağı da siz alın" fikri xəstə təxəyyülün ən yüksək göstəricilərindən
birirdir. Ermənistanda bu gün 1,8 milyon
erməni qalıb. Türkiyənin isə, əhalisi 75 milyona yaxınlaşır. Dünya siyasətində
Türkiyə aparıcı söz sahibi olan ölkələr sırasındadır. Böyük iyirmilərin
sırasında 15-ci yerdədir. Türkiyənin strateji hədəflərindən biri 2020-ci
illərdə 10-cu sıraya çıxmaqdır. Türkiyə bölgədə ən güclü orduya malikdir və
NATO-nun cənub cinahında Türkiyənin
silahlı qüvvələrinin qarşısına çıxa biləcək hansısa bir qüvvə yoxdur. Ona görə də Sarkisyan kimisinin belə
bəyanatı özündə reallığı heç bir formada əks etdirmir. Türkiyə və Azərbaycan
tərəfinin işğalçı Ermənistana çox layiqli və məntiqli cavabı verilibdir.
AYLANA
RZAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB