Prezident Administrasiyasının rəsmisi: “Bu ilin aprelindən etibarən Prezidentin rəsmi saytına gələn elektron məktubların sayı artmaqdadır”
İlin əvvəlindən Azərbaycan prezidentinin rəsmi internet saytına ölkə vətəndaşlarından yüzlərlə elektron müraciət daxil olub. Bunların böyük hissəsi ərizə və təkliflər, bir hissəsi isə şikayətlərdir. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib: "Bu ilin aprelindən etibarən sayta gələn elektron məktubların sayı artmaqdadır. Məsələn, aprel ayında Prezidentin rəsmi internet saytına daxil olmuş müraciətlərin sayı bütövlükdə daxil olmuş müraciətlərin 1,8 faizini təşkil edirdisə, bu göstərici, yəni elektron müraciətlərin sayı son aylarda 6-7 faizə çatıb.
Təhlillər göstərir ki, ölkə Prezidentinin rəsmi internet saytına daha çox gənclər və orta nəslin nümayəndələri müraciət edirlər. Daha yaşlı nəslin nümayəndələri isə ənənəvi məktub formasından istifadə edir və öz müraciətlərini poçt vasitəsilə göndərməyə üstünlük verirlər.
Əhalinin Prezidentin rəsmi internet saytına müraciətlərinin coğrafiyası da maraq doğurur. Bu müraciətlər respublikanın 79 şəhər və rayonunu əhatə edir, xüsusilə Bakı şəhəri və onun rayonlarından, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöl şəhər və rayonlarından daha çox elektron müraciət daxil olub"- deyə, o əlavə edib.
Müraciətlərin mövzusuna gəlincə, şöbə müdirinin sözlərinə görə, onlar əsasən yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, şəhərsalma, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti və digər məsələlər barədədir.
PA rəsmisi bildirib ki, prezidentin rəsmi internet saytına xarici ölkələrdən də müraciətlər daxil olur: "MDB, Avropa və Asiya ölkələrindən daxil olmuş belə müraciətlərdə daha çox Azərbaycan haqqında məlumat verilməsi, bir çoxlarında isə ölkə prezidentinin avtoqrafının göndərilməsi xahiş edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB