Gülşad Məmmədova: “İsti hava şəraitinin avqustun 3-ə kimi davam edəcəyi gözlənilir”- AÇIQLAMA

Gülşad Məmmədova: “İsti hava şəraitinin avqustun 3-ə kimi davam edəcəyi gözlənilir”- AÇIQLAMA

Tropik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində bir neçə gündür ki, ölkə ərazisində kəskin isti hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakıda havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-40 dərəcə, yarımadanın bəzi yerlərində 42 dərəcə isti təşkil edəcək: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək".

G. Məmmədova vurğulayıb ki, belə hava şəraitinin avqustun 3-ə kimi davam edəcəyi gözlənilir: "Avqustun 4-də isə havanın bir qədər sərinləşəcəyi gözlənilir. 4-dən etibarən güclü şimal küləyi əsəcək, ötən günlərə nisbətən temperatur qismən aşağı düşəcək. Bu da 4-6 dərəcə civarında olacaq".

"Bununla yanaşı bölgələrdə axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı və qısa müddətli yağış yağacağı ehtimal olunur. Ayın 4-5-də isə 38-40 dərəcə isti olacaq. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 39-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək",- deyə o əlavə edib.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir deyən şöbənin rəisi onu da qeyd edib ki, gündüz saatlarında açıq havada olmaq məsləhət deyil: "Uzun sürən anomal isti hava şəraitindən sonra avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə