“The Washington Times” qəzetində “Azərbaycanın Əfqanıstana yardımı” sərlövhəli məqalə dərc olunub

“The Washington Times” qəzetində “Azərbaycanın Əfqanıstana yardımı” sərlövhəli məqalə dərc olunub

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetinin 29 iyul tarixli nömrəsində bu ölkədə fəaliyyət göstərən "Heritage" Fondunun baş tədqiqatçısı Ariel Koenin "Azərbaycanın Əfqanıstana yardımı" sərlövhəli məqaləsi dərc olunub. SİA-nın məlumatına görə, məqalədə ABŞ-ın Əfqanıstanda "Taliban" silahlılarına qarşı apardığı mübarizədən, verdiyi çoxsaylı itkilərdən söhbət açılır. Eyni zamanda qeyd olunur ki, itki verən təkcə ABŞ deyil. ABŞ-ın və NATO-ya üzv olan digər ölkələrin sadə vətəndaşlarının xəritədə tapmağa çətinlik çəkdiyi ölkələr belə bu mübarizədə Birləşmiş Ştatlara kömək göstərir, böyük itkilər verirlər. Müəllif bu ölkələr sırasında Azərbaycanın adını xüsusi qeyd edir: "ABŞ və NATO Azərbaycana məxsus yanacaqla dolu təyyarənin iyul ayında Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olmuş 9 heyət üzvünün xatirəsini yad etməlidir. Digər koalisiya müttəfiqlərinin öz əsgərlərini Əfqanıstandan çıxardıqları bir vaxtda, Azərbaycanın antiterror əməliyyatlarında iştirakı onun NATO və Amerika qüvvələrinə göstərdiyi dəyərli yardım kimi qəbul olunmalıdır. Azərbaycan liman və dəmir yolları şəbəkəsi ilə də Əfqanıstandakı Amerika və NATO qoşunlarının təchizatında mühüm rola malik tranzit ölkədir. ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts Bakıya səfəri zamanı Azərbaycanın Əfqanıstandakı əməliyyatlara həm əsgəri qüvvə, həm də quru və hava məkanından istifadəyə imkan yaratmaqla verdiyi töhfələrə görə şəxsən Prezident İlham Əliyevə təşəkkür edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu yaxınlarda rəsmi Bakının Əfqanıstana göndərdiyi əsgərlərin sayını iki dəfə artırmaqla bu ölkədə sabitliyə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

NATO-nun baş katibi Andres Foq Rasmussen Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri təqdir etdiyini deyib. ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə rəsmi Bakının Əfqanıstana yardımını yüksək qiymətləndirərək deyib ki, bu gün NATO iftixarla Azərbaycanı öz tərəfdaşı hesab edir. Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana qədər təhlükəsizliyin təmin edilməsində töhfələri davamlı və peşəkar olub. Bu ölkənin NATO ilə əlaqələri təhlükəsizliyi, demokratik dəyərləri möhkəmləndirir, siyasi və hərbi modernləşməni, eləcə də islahatlar proseslərini dəstəkləyir və sürətləndirir".
Məqalədə o da bildirilir ki, ABŞ Azərbaycanı təkcə Əfqanıstan məsələsində etibarlı tərəfdaş olduğuna görə deyil, həm də Xəzərin enerji resurslarının təhlükəsizliyinin təmin edilməsində də vacib strateji tərəfdaş olduğu üçün dəstəkləməkdə davam etməlidir. Müsəlman ölkəsi olan Azərbaycan həm də qlobal terrorizmə qarşı mübarizədə fəal rol oynayır: "Bu yaxınlarda baş vermiş təyyarə qəzası həm Azərbaycan, həm də NATO müttəfiqləri üçün faciədir. Buna görə də dünyanın bu həssas regionunda təhlükəsizliyin təmin edilməsində Amerikanın göstərdiyi səylərdə hətta kiçik müttəfiqlərin nə qədər mühüm rol oynadığını qiymətləndirməyimiz vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə