Fuad Ələsgərov: “Son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı çoxalıb” - MÖVQE

Fuad Ələsgərov: “Son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı çoxalıb” - MÖVQE

Azərbaycan Hüquqşünaslar Konfederasiyası tərəfindən təşkil olunan Hakimlər və hüquqşünaslar üçün \"Yay Məktəbi" öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfederasiyanın rəhbəri, Milli Məclisin deputatı Əli Hüseynov deyib ki, yay məktəbinin təşkilinə Konstitusiya Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Almaniya Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu və ATƏT-in Bakı ofisi dəstək verib. Mövzusu "İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələri" ilə bağlı olan yay məktəbinin tədbirində 20 hakim, Konstitusiya Məhkəməsinin 5 yüksək vəzifəli əməkdaşı və 2 vəkil iştirak edir.

Ölkədə insan hüquqları ilə bağlı qanunvericilik bazası yaradıldığını deyən Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Azərbaycan qanunvericiliyi İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğunlaşdırılır: "Avropa Məhkəməsinin iş yükünü azaltmaq üçün presedent hüququ tətbiq edilməli, insan hüquqlarının pozulmasının qarşısını almaq üçün onun səmərəliliyi artırılmalıdır. Hakim və prokurorlar üçün presedent hüququn öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçirilib. Presedent hüququn tətbiqi ilə hakimlərin dünyagörüşü genişlənir, Avropa təcrübəsi öyrənilir, hüquq mədəniyyəti formalaşır.".

PA rəsmisi eyni zamanda əlavə edib ki, vətəndaşların məhkəmələrə inamının artması nəticəsində son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı çoxalıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mövzu ilə bağlı məruzə edib. O bəyan edib ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə digər normativ hüquqi aktlar arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələr üstün hüquqa malikdir. Onun sözlərinə görə, Azərbaycanda sivil dəyərlər və yanaşmalar həm cəmiyyətdə, həm də dövlətdə hiss olunur və məhkəmə sistemi də bunu öz işində nəzərə almalıdır: "Beynəlxalq normativ sənədlər Azərbaycan qanunvericilik sisteminə daxil olub. Avropa Məhkəməsinin presedentləri də qanunvericilik sisteminə daxil edilib. Narazılıqların və qanunsuzluqların aradan qaldırılmasının bu gün məhkəmələrdə axtarılması dövlət sisteminin uğurudur".

ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Melisa L.Stoun təmsil etdiyi qurumun Avropa məkanında ədalətli məhkəmə sisteminin yaradılmasında maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərov, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig də açılış mərasimində çıxış ediblər.

Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı komitəsinin sədri Lətif Hüseynov, Azərbaycan baş prokurorunun müavini Namiq Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Ali Məhkəmənin hakimi Vəfaddin İbayev, almaniyalı vəkillər ekspert qismində iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə