Elçin Mirzəbəyli: “Azərbaycan mediası iyirmi il ərzində kifayət qədər böyük bir yol keçib” - MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Azərbaycan mediası iyirmi il ərzində kifayət qədər böyük bir yol keçib” - MÜNASİBƏT

Azərbaycanda medianın inkişaf etdirilməsi ilə bağlı çox ciddi addımlar atılmağa başlayıb. Bu sözləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, son dövrlərdə medianın maddi-texniki bazasının inkişaf etdirilməsi nəticə etibarı ilə mətbuatın inkişafı üçün çox önəmli bir baza yaradıb.

Baş redaktor hesab edir ki, mətbuat da cəmiyyət kimidir. Çünki Azərbaycan cəmiyyəti və dövləti inkişaf etdikcə paralel olaraq mətbuatda inkişaf edir, güclənir: "Bu baxımdan bu bayramda Azərbaycan mətbuat nümayəndələri mediamızın gələcəyinə ümidlə baxırlar. Baxmayaraq ki, müstəqil Azərbaycan mediasının yaşı çox az deyil, lakin bu iyirmi il ərzində kifayət qədər böyük bir yol keçib. Eyni zamanda bundan sonrakı proseslərdə də mətbuatın inkişafının ardı olaraq konseptual şəkildə həyata keçəcəyini düşünürəm. Çünki Azərbaycan mediası xaotik şəkildə inkişaf etmir. Çox önəmlidir ki, dövlət müstəqil medianın inkişafı üçün masa üzərinə bir konsepsiya qoyub".

Fəaliyyət olan yerdə problemlərin də mövcud olduğunu deyən baş redaktor vurğulayıb ki, Azərbaycan mediasında müəyyən neqativ hallar mövcuddur: "Mətbuatın ən böyük problemlərindən biri jurnalist adına iddia edən şəxslərin medianın adından sui-istifadə etməsidir. Bu reket jurnalistika ilə mövcud olan problemdir ki, buna qarşı da mübarizə aparılır. Eyni zamanda peşəkarlıqla bağlı jurnalistika da problemlər var. Bu istiqamətdə həm Mətbuat Şurası həm də, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun gördüyü işlər göz qabağındadır. Burada da müəyyən inkişaf var. Bakı Dövlət Universiteti və Slavyan Universitetlərinin jurnalistika fakultələri ilə ciddi əməkdaşlıq yaranıb. Bu zəmində artıq jurnalistlərin təcrübə keçməsi üçün də müəyyən şərait yaranıb ki, onlar gələcəkdə gündəlik medianın ritmini duya bilsinlər. Eyni zamanda problemlərin içərisində mətbuatın maddi texniki bazasının daha çox gücləndirilməsi məsələsi durur. Hər bir mətbuat orqanının rəhbəri və ya nümayəndəsi istəyər ki, o daha güclü olsun. Ancaq bunu üçün zaman və məsuliyyət lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə