Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirilib-FOTOSESSİYA

Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirilib-FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində (RİH) Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail RİH-nin başçısı Asif Əsgərov, Azərbayjan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, 30-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələri iştirak edib.


Tədbiri giriş sözü ilə açan Səbail RİN-nin başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 136 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Onun sözlərinə görə, mətbuat mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. A.Əsgərov qeyd edib ki, mətbuat gün ərzində ölkədə və dünyada baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır: "Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra daha da inkişaf edib və güclənib. Bu gün ölkədə fəaliyyət göstərən mətbu orqanların və orada çalışan jurnalistlərin sayı çoxdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".


Bu gün Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikintisinə qərar verilən və bir neçə gündən sonra təməlqoyma mərasimi keçiriləcək jurnalistlər üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd edib. Daha sonra icra başçısı "İki sahil" qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin redaksiya heyətinə təbriklərini çatdırıb.


Tədbirin davamında Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.


KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında Azərbaycan mətbuatının son 20 ildə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar barədə ətraflı məlumat verib. O bildirib ki, 1993-cü ildə xalqın təkidi, tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb: "KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ulu öndərin müvafiq fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik olaraq ləğv edilib. 2008-ci il Azərbaycanda KİV Haqqında Dövlət Konsepsiyası prezident tərəfindən təsdiq olunub, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Mayın 22-də fondun icraçı direktoru və müşahidə şurasının üzvləri təyin olunub. Bununla da qəzetlər maliyyə imkanlarını yaxşılaşdırmaq imkanı əldə ediblər, eyni zamanda bu, qəzetlərin texniki imkanlarının yaxşılaşması, fərdi jurnalistlərin peşəkarlığının artırılması baxımından mühüm addım idi. 2 ilə yaxındır fəaliyyət göstərən fond uğurlu layihələr keçirib. Bundan əlavə, jurnalistlərə evlərin tikilməsi ilə bağlı 5 milyon manat vəsaitin ayrılması dünyada analoqu olmayan addım idi".

Hər il iyul ayının mətbuat işçiləri üçün bayram ayı olduğunu deyən V.Səfərli çıxışının sonunda bütün jurnalistləri 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib.


Daha sonra çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyanın sədri Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da öz növbəsində Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyinə təbriklərə görə təşəkkür edib və öz adlarından bütün mətbuat nümayəndələrinə təbriklərini çatdırıblar.


Tədbirin davamında jurnalistləri maraqlandıran bir sıra suallar cavablandırılıb. Sonda isə milli mətbuat günü münasibətilə 30-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə