Eldar Mahmudov: “MTN bütün istiqamətlər üzrə əməliyyat-xidməti fəaliyyətini uğurla həyata keçirir” - FOTO

Eldar Mahmudov: “MTN bütün istiqamətlər üzrə əməliyyat-xidməti fəaliyyətini uğurla həyata keçirir” - FOTO


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər həyəti, veteranlar və məzunların valideynləri iştirak ediblər.

Əvvəlcə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, dövlət sərhəd xidmətinin rəisi general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin xatirəsi ehtiramla anılıb.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları təbrik edib. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.

General-leytenant Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası fakültələrinin buraxılışı müna­si­bətilə məzunları, onların va­li­deyn­lərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Nazir Eldar Mahmudov bildirib ki, təc­rü­bəli müəllimlərdən al­dıqları biliklər, mənimsədikləri peşəkarlıq vər­diş­ləri məzunların vəzifə borc­la­rını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaqdır. Fəaliyyət göstərdiyi müddət ərzində, xüsusən son dövrlər Akademi­yanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir Eldar Mahmudov, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının ulu öndərin peşəkarlıq və vətən­pər­vər­lik məktəbinə, Hey­dər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.

Qeyd olunub ki, nazirliyin müxtəlif struktur bölmələrində və Azərbay­ca­nın dövlət sərhədlə­rində hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər Ulu Öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Nazir Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazan­dıqları nəzəri və praktiki biliklərin hər iki dövlət qurumunun gənc zabitləri üçün gələcək fəaliyyətdə yaxşı təməl olacağını diqqətə çatdıraraq bildirib ki, məqsəd birdir: Vətənin təhlükəsizliyini qorumaq, müstəqilliyi və dövlətçiliyi möhkəmlətmək.

Sərhədlərin, təhlükəsizliyin qorunmasına, ümumən milli maraqların etibarlı təminatına xidmət edəcək zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fəda­kar­lıq, vəzifə borcuna məsuliyyətlə yanaşma və peşəkarlıq olmadan bu mümkün deyil. Akademiya gənc zabit korpusunun yetişdirilməsi ki­mi çətin və mə­su­liy­yət­li bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin, xidmət və istirahət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi, digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlan­masına, yeni nəslin əsl vətən­daş kimi yetiş­məsinə xidmət edir. Bu işdə dövlət başçısının bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademi­yasının ən yüksək dünya standartlarına cavab ver­diyini qeyd etməsi əsl stimul olmuşdur.

İşimizə verilən bu yüksək qiymət bizi daha da məsul edir.

Akademi­yada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini qeyd edən nazir Eldar Mahmudov, bunun uğurlu fəaliyyətin başlıca amili olduğunu bildirib. Vətənpərvərlik amilinə ciddi diqqət yetirməkdə əsas məqsəd, ilk növbədə Ermənistanın işğal etdiyi əra­zi­lərimizin azad olunmasıdır. Ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanların tam səfərbər edilməsi Azərbaycan Respubli­ka­­sının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev tərəfindən bütün dövlət orqanlarının qarşısına qoyulmuş bir nömrəli vəzifədir. Məlumdur ki, bu sahədə də sərhəd və təh­lükəsizlik orqanlarının bütün potensialı səfərbər olunub.

Bu işlərdə gənclərin üzərinə böyük vəzifələr və məsuliyyət düşür. Azərbaycan gəncliyi daim dövlətin qayğısını hiss edir. Qayğıya cavab isə Vətənə və dövlətə sədaqətdir. Ulu Öndər gənclərin hərtərəfli inkişafını ölkənin tərəqqisinin başlıca mənbəyi hesab edirdi. Bu siyasətin yeni tələblərə uyğun davam etdirilməsi mühüm uğurlara şərait yaradır. Gənc­lərin ölkə həyatının bütün istiqamətlərində öz layiqli yerlərini tut­ma­la­rı üçün cari il iyul ayının 7-də Azərbaycan Respubli­ka­­sının Prezidenti tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Dövlət başçısının belə münasibəti gənclərlə əlaqədar siyasətin ardıcıl aparılmasının göstəricisidir.

Nazir Eldar Mahmudov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar cənab Prezidentin imzaladığı Sərəncam Azərbaycanın bütün dövlət orqanlarının qarşısında mühüm vəzifələr qoyur. Akademiyanın builki buraxılışı da belə bir əlamətdar dövrə təsadüf edir. \"Biz 20 illik yubileyi bütün sahələrdə uğurları daim artırmaqla, ölkədə başlanmış yeni inkişaf mərhələsinə hər gün töhfə verməklə qarşılamalıyıq. Həm də Ulu Öndərin "müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" – devizinə qüsursuz əməl etməliyik. Müstəqilliyimizi ardıcıl qorumalı və möhkəmləndirməliyik\".

Ümumən, ölkəmizdə hərbi, sosial-iqtisadi və ictimai-siyasi həyatın hər bir sahəsində aparılan islahat­lar Azərbaycanı möhkəmləndirir, dövlətimizə böyük nüfuz qazandırır. Dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir. İqtisadi artım sürətinə görə ölkəmiz son illər dünya miqyasında ön sırada gedir. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şə­rait­də bizi ölkənin təhlükəsizliyinə daha eti­barlı tə­mi­nat yaratmağa çağırır. Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaş­larından daha yüksək peşəkar­lıq, bilik səviyyəsi, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Son illər Milli Təhlü­kə­sizlik Nazirliyində bütün istiqamətlər üzrə əməliyyat-xidməti fəaliyyət uğurla həyata keçirilir. Lakin, ölkənin sürətli tərəqqisinə xidmət edən bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır, əksinə, səylərimizi ardıcıl surətdə yüksəltməyə çalışırıq.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirmiş və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev də çıxış edərək məzunları təbrik etmiş, silahlı qüvvələrimizin tərkibinə növbəti zabit korpusunun verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığını bildirib. General-leytenant Elçin Quliyev gənc zabitlərin bu səviyyəyə gəlib çatmasında dövlətin diqqət və qayğısını xüsusi qeyd edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordumuzun qüdrətinin artırılması, təhlükəsizliyimizin daha da möhkəmlənməsi işində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin gördüyü işlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi zabitlərin peşəkarlığının, Vətənimizə, xalqımıza, dövlət başçısına sədaqətli xidmətin bu işlərin görülməsində böyük rol oynadığını vurğulayıb.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb. Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini, 21 zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.

Akademiyanın məzunu leytenant Cavid Quliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirib. Digər məzun leytenant Həmzə Nəcəfov kursantlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər. Digər zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.

Sonra tədbir Akademiyadakı "Şöhrət" Muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə qiymətli hədiyyələr verilib. Akademiyanın xidmətdə fərqlənmiş bir qrup əməkdaşının təltif olunması barədə Milli Təhlükəsizlik Nazirliyinin əmri elan olunub. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə məzunların valideynlərinə yaxınlaşaraq onlarla səmimi söhbət etmiş, Vətənə belə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə